Müstəqilliyin qorunması
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda siyasi xaos və qeyri-sabitlik hökm sürürdü. Daxili qarşıdurmaların artması, silahlı toqquşmalar və iqtisadi resursların tükənməsi vətəndaş müharibəsi təhlükəsini labüd edirdi. Eyni zamanda, xarici təsirlərin və separatçı meyillərin güclənməsi ölkəmizin gələcəyinə ciddi təhdid yaradırdı. Bu mürəkkəb dövrdə xalqın bütün ümidləri yalnız Ümummilli Lider Heydər Əliyevə yönəlmişdi. Azərbaycanın taleyini düşünən və düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək xalqın müdrik oğlu Ümummilli Lider Heydər Əliyevə üz tutdular. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş və 91 nəfər Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev dərhal milli qurtuluş missiyasını üzərinə götürdü. Onun siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti ölkədə sabitliyi bərpa etməyə, siyasi xaosu aradan qaldırmağa və dövlət quruculuğunu möhkəmləndirməyə imkan verdi. Qısa müddətdə Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu, milli həmrəylik və birlik möhkəmləndi. Bu amillər Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir, xalqın taleyində əhəmiyyətli mərhələ kimi yadda qaldı.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev böyük səs çoxluğu ilə inamlı qələbə əldə etmiş və bu nəticə Ulu Öndərin xalq tərəfindən geniş dəstəyə malik lider olduğunu bir daha təsdiqləmişdir. Bu seçkilər müstəqilliyin qorunması, ölkədə sabitliyin təmin olunması və hüquqi dövlət quruculuğunun təməl prinsiplərinin bünövrəsini qoymaq baxımından mühüm əhəmiyyət daşımışdır. Seçkilərin nəticəsi olaraq respublikamız yeni dövrə qədəm qoydu.
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğunun gücləndirilməsinə xüsusi önəm verirdi. Ulu Öndərin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum nəticəsində qəbul edilmiş Konstitusiya Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdi. Eyni zamanda, siyasi sabitliyin təmin olunması gələcəkdə tarixi zəfərlərin qazanılması üçün əlverişli zəmin yaratdı. Qanunun aliliyinin təmin olunması və vətəndaş hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Həmin illərdə vətəndaş cəmiyyəti formalaşdı, hüquqi dövlətin əsas prinsipləri isə demokratik ənənələrin inkişafı üçün möhkəm təməl yaratdı.
Milli həmrəylik və ideoloji birliyin təmin olunması Heydər Əliyevin siyasətinin prioritet istiqamətlərindən biri idi. Onun formalaşdırdığı azərbaycançılıq konsepsiyası xalqı vahid dəyərlər və məqsədlər ətrafında birləşdirdi. Həmçinin, bu faktorlar dövlətin inkişaf strategiyasında mühüm rol oynamaqla gələcəkdə ölkənin suverenliyinin təmin edilməsində böyük önəm kəsb etdi.
Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün müasir ordu quruculuğu istiqamətində islahatlar reallaşdırıldı. Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın bərqərar edilməsinə xüsusi diqqət ayırdı. Maddi-texniki bazanın möhkəmləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması və orduda müasir standartların tətbiqi Azərbaycanın müdafiə imkanlarını xeyli artırdı. Bu tədbirlər sonrakı illərdə ərazi bütövlüyünün qorunması və tarixi zəfərlərin qazanılması üçün həlledici rol oynadı. Ordu quruculuğu dövlətimizin milli təhlükəsizlik strategiyasının əsas amillərindən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyev təməlini qoyduğu mütərəqqi siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın siyasi-iqtisadi və hərbi gücü daha da artıb, diplomatik mövqeyi möhkəmlənib. Nəticədə 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfər əldə edilib, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam təmin olunub. Beləliklə, ölkəmiz beynəlxalq arenada qüdrətli, nüfuzlu bir dövlət kimi tanınır. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik ənənələri bu gün də Azərbaycanın tərəqqisində mühüm rol oynayır.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova