Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya.
Dövlətin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir. Çünki nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Nəzərə alaq ki, humanizm ideyası hər bir cəmiyyətin mənəvi sütunlarını formalaşdıran, insan hüquq və azadlıqlarını ali dəyər kimi qəbul edən universal prinsipdir. Dövlətin gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, eyni zamanda vətəndaşına münasibəti, onun taleyinə göstərdiyi diqqət və mərhəmətlə ölçülür. Bu baxımdan əfv sərəncamları və amnistiya aktları dövlət-vətəndaş münasibətlərində humanizm göstəricisinin ən parlaq təzahürlərindən biri kimi çıxış edir. Cinayət törətmiş, lakin cəmiyyətə yenidən inteqrasiya olunmaq, səhvindən nəticə çıxarmaq imkanı qazanmış şəxslərə ikinci şansın verilməsi hüquqi dövlət anlayışının mühüm tərkib hissəsidir. Azərbaycanın inkişafının bütün mərhələlərində əfv sərəncamları və amnistiya aktları təkcə hüquqi sənəd deyil, eyni zamanda dövlətin vətəndaşa olan etimadının, insan ləyaqətinə verdiyi dəyərin ifadəsi kimi qəbul olunub. Bu addımlar cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin yenidən cəmiyyətə qazandırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətində humanizm ənənəsi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müxtəlif tarixi günlər və əlamətdar hadisələr ərəfəsində imzalanan əfv sərəncamları, qəbul olunan amnistiya aktları Azərbaycanın hüquqi, demokratik və humanist dövlət olduğunu bir daha təsdiqləyir. Bu siyasət göstərir ki, Azərbaycan dövləti üçün insan amili hər zaman prioritetdir və humanizm prinsipi milli dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsi olaraq qalır. Ümumiyyətlə, müstəqillik illərində imzalanmış 71 əfv fərmanı və sərəncam ilə 10162 məhkum əfv olunub. Belə ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Bütövlükdə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında təkcə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.



















