image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-961b27cf168356412136672792610451553

Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya

image-legitimaz-810x90

Müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi mərhələləri təkcə siyasi, iqtisadi və hərbi nailiyyətlərlə deyil, eyni zamanda humanizm, sosial ədalət və hüquqi dövlət prinsiplərinə əsaslanan idarəçilik modeli ilə səciyyələnir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də insan amilinə verilən xüsusi əhəmiyyət, cəmiyyətin sağlamlaşmasına və sosial harmoniyanın təmin olunmasına xidmət edən təşəbbüslərdir. Bu baxımdan irəli sürülmüş amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük humanist addım kimi dəyərləndirilir.

Prezident cənab İlham Əliyevin təklifi əsasında hazırlanmış amnistiya aktının tətbiq ediləcəyi şəxslərin sayı onu əvvəlki bütün amnistiya təşəbbüslərindən fərqləndirir. Gözləntilərə görə, bu amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəkdir. Bu faktın özü Azərbaycan dövlətinin gücünün, hüquqi yetkinliyinin və humanizm dəyərlərinə sadiqliyinin bariz göstəricisidir.

İrəli sürülən amnistiya aktının statistik göstəriciləri onun tarixilik və əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Proqnozlara əsasən 5 mindən çox məhkum azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcək, 3 mindən artıq məhkumun azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılacaq, 7 mindən çox şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad ediləcək, 4 minə yaxın məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad olunacaq, mindən çox şəxs isə ümumiyyətlə cinayət məsuliyyətindən azad ediləcək. Bu rəqəmlər göstərir ki, söhbət təkcə hüquqi prosedurdan deyil, genişmiqyaslı sosial hadisədən gedir. Belə bir amnistiya cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməklə sosial münasibətlərə yeni dinamika gətirir və dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı daha da gücləndirir.

Amnistiya hüquqi dövlətlərin qanunvericiliyində mühüm yer tutan instituttur. Bu institut cəza siyasətinin yalnız cəzalandırma deyil, eyni zamanda islah, tərbiyə və sosial reinteqrasiya məqsədi daşıdığını təsdiqləyir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı da məhz bu prinsiplərə əsaslanır.

Dövlət başçısı bu təşəbbüslə göstərir ki, Azərbaycan dövləti insanlara ikinci şans verməyə, onların səhvlərindən nəticə çıxararaq qanunlara hörmət edən, cəmiyyətə faydalı vətəndaş kimi geri dönəcəyinə inanır. Bu yanaşma humanizm və mərhəmət ənənələrinin müasir hüquqi sistemlə uzlaşmasının bariz nümunəsidir.

Amnistiyanın tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, cəzadan azad edilən şəxslər dövlətin onlara göstərdiyi bu etimadı doğrultmağa, qanunlara əməl etməyə və sosial məsuliyyət daşımağa mənəvi borclu olduqlarını dərk edirlər.

Azərbaycanın suverenliyinin tam bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edilməsi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Bu Qələbə güclü dövlət, güclü lider və milli birlik sayəsində əldə edilmişdir.

Lakin Prezident cənab İlham Əliyevin siyasi kursunun əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu güc humanizm və mərhəmətlə tamamlanır. Qalib dövlət mövqeyindən çıxış edərək belə genişmiqyaslı amnistiya təşəbbüsünün irəli sürülməsi Azərbaycanın siyasi və mənəvi yetkinliyini nümayiş etdirir.

Bu addım sübut edir ki, Azərbaycan dövləti cəmiyyətdə barış, ədalət və sosial harmoniya yaratmağa xüsusi önəm verir və gücünü yalnız sərt mexanizmlərdə deyil, bağışlama və islah etmə fəlsəfəsində də görür.

Bu amnistiya aktının icrası minlərlə ailə üçün yeni ümid, yeni həyat mərhələsi deməkdir.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki