Müharibənin gedişatında dönüş nöqtəsi
Oktyabrın 25-də Qubadlı şəhərinin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Qubadlı rayonuna ilk səfəri 2020-ci il dekabrın 23-də olmuşdur. Onlar Qubadlının Xanlıq kəndinə gəldilər, burada hərbçilərlə görüşdülər. Səfər zamanı Qubadlının Xanlıq kəndi uğrunda şiddətli döyüşlər getdiyini xatırlayan dövlət başçısı həmin dövrdə ermənilərin bu kənddə özləri üçün hərbi istehkam, hərbi baza qurduqlarını, qanunsuz məskunlaşma apardıqlarını, Cenevrə konvensiyalarına görə bunun hərbi cinayət olduğunu bildirmişdir. 2021-ci ilin 25 oktyabr tarixində Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ikinci dəfə Qubadlı rayonunda səfərdə olublar. Ölkə rəhbərliyi Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. 2023-cü ilin may ayının 4-də Qubadlı rayonuna dördüncü səfəri zamanı Prezident İlham Əliyev rayonun Zilanlı və Mahruzlu kəndlərinin təməlinin qoyulması mərasimlərində iştirak edib. Prezident cənab İlham Əliyev səfər çərçivəsində, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 600 şagird yerlik tam orta məktəb binasının, həmçinin Qubadlı şəhərində tikiləcək inzibati binanın da təməlinin qoyulması mərasimlərində iştirak edib. Səfər zamanı Prezident İlham Əliyev ümumi sahəsi 2,6 hektara yaxın olan və ümumilikdə 156 mənzilin tikintisi nəzərdə tutulan ilk yaşayış məhəlləsinin də təməlini qoyub. Zəfər tariximizin memarı, Qarabağın xilaskarı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı rayonu cənnət məkana çevriləcək.
Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini
























