Müharibəni təhrik edən erməni təxribatları
Tarix boyu Cənubi Qafqaz bölgəsi mürəkkəb geosiyasi hadisələrin mərkəzində olmuşdur. Xüsusilə Azərbaycan və Ermənistan arasında yaranmış münaqişə XX əsrin sonlarından başlayaraq regionda davamlı gərginliyə səbəb olmuşdur. Bu münaqişənin kökündə isə erməni separatizmi, ərazi iddiaları və müxtəlif təxribatlar dayanır.
Ermənilərin müharibəni təhrik edən addımları təkcə hərbi sahədə deyil, həm də siyasi, ideoloji və informasiya müstəvisində özünü göstərmişdir. Onların əsas məqsədi Azərbaycan torpaqlarını işğal etmək, süni olaraq “tarixi iddialar” yaratmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq olmuşdur. XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri Qafqazda separatçı hərəkatları gücləndirməyə çalışmışlar. 1905–1907-ci illərdə və sonrakı illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar bu siyasətin bariz nümunəsi idi. Sovet İttifaqının son illərində isə ermənilər yenidən Dağlıq Qarabağ ərazisi üzərində əsassız iddialar irəli sürərək bölgədə qarşıdurmanı alovlandırmışlar. 1988-ci ildə başlayan separatçı hərəkat, azərbaycanlıların doğma torpaqlarından kütləvi şəkildə qovulması ilə nəticələnmişdir.
1991–1994-cü illərdəki Birinci Qarabağ müharibəsi məhz erməni təxribatlarının nəticəsi idi. Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal edərək yüz minlərlə dinc sakini etnik təmizləməyə məruz qoydu. Bu təxribatların əsas məqsədi bölgədə “status-kvo” yaratmaq və işğal siyasətini rəsmiləşdirmək idi. 1994-cü ildə atəşkəs imzalansa da, Ermənistan öz təxribatçı siyasətindən əl çəkmədi. Onlar tez-tez təmas xəttində atəşkəsi pozur, kəndlərimizi atəşə tuturdular. Həmçinin, beynəlxalq müstəvidə təxribat xarakterli yalan kampaniyalar apararaq Azərbaycanı təcavüzkar kimi göstərməyə çalışırdılar. Erməni tərəfinin təxribatları nəticəsində 2016-cı ilin aprelində genişmiqyaslı döyüşlər başladı. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları ilə bir sıra strateji yüksəklikləri azad etdi. 2020-ci ilin iyul ayında isə Tovuz istiqamətində Ermənistanın törətdiyi təxribat yeni gərginliyə səbəb oldu. Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal