Milli və dini-tarixi abidələr.
30 il idi ki Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə abidələr və tarixi yerlər qəddarcasına dağıdılıb. Zəngilan rayonunun da çoxlu tarixi-dini abidələri düşmən tapdağı altında qalaraq çoxlu vanddallığa məruz qalmışdı. Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi öz memarlıq-konstruktiv formasına görə seçilir. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon idi. Məlumdur ki, işğal zamanı digər rayonlarda olduğu kimi, Zəngilanın da tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir. Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. Bu abidələr, demək olar ki, tamamilə bərbad vəziyyətə düşmüşdür. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratmışdır. Nəticədə 20 oktyabr 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident cənab İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov