Milli qurtuluşa gedən yolun başlanğıcı
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O bu çətinliyi hər kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezident seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlmək məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var! Torpaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır.. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Bahar Qurbanova