image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Milli birliyin və bərabərliyin simvolu

image-legitimaz-810x90

Milli birliyin və bərabərliyin simvolu.

Hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən biri də milli birlik və həmrəylik ideyasıdır. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz.

Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da ulu öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 31 Dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması haqqında Qərarın qəbul olunması bunu bir daha təsdiq edir.

Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edildi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı.

Hər bir azərbaycanlı üçün doğma Vətənimiz ana qucağı kimi isti, ata əli kimi möhkəm və əmin bir məkandır. Bu yüksək dəyərləri bizə aşılayan isə Vətən sevgisi, milli mənsubluq duyğusudur. Bunu yaradan və kütləviləşdirən isə milli ideologiyamız və həmrəylik ideyalarıdır. Nə qədər ki bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək.

 

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki