“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq əsasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə regionlarda sosial hüquqi aksiyalar davam etdirilir.
”Xeberaz.info” xəbər verir ki, səyyar qəbulda deputat Jalə Əliyeva ilə birlikdə Vəkillər Kollegiyasının Ağcabədi rayon bürosunun uzvləri Əbülhəsən Əmirov, Məhəmməd Bağırov və rayon icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Heydər Əliyev Mərkəzlərində təşkil olunan görüşdə seçicilər və hüquqi yardım almaq üçün gələn vətəndaşlar Millət vəkilinə və vəkillərə qarşılaşdıqları problemlə bağlı suallar ünvanlayıblar.
Görüşdə millət vəkili ona ünvanlanan sual və müraciətləri dinləyib, seçiciləri narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Görüş zamanı bir sıra məsələlər yerindəcə həll olunub. Eyni zamanda, qaldırılan bəzi məsələlər nəzarətə götürülüb, digərlərinin həlli istiqamətində isə müvafiq tövsiyələr verilib.
Deputat daxil olmuş müraciətlərə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinin tam və hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə addımların atılacağını seçicilərinin diqqətinə çatdırıb.
Vəkillər aztəminatlı vətəndaşları qəbul edərək müxtəlif hüquq sahələri, o cümlədən mülkiyyət hüquqları, torpaq mübahisələri, aliment və aliment ödənişi, əlillik məsələləri, sosial təminatlar və inzibati işlər üzrə məsləhətlər veriblər, həmçinin vətəndaşların müraciətləri dinlənilərək aidiyyəti üzrə yönləndirilib.
Vüqar Rəhimov


















































