Məsuliyyətli addım və doğru qərar.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə 21 noyabr 1992-ci ildə yaradılıb. Təbii ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. 32 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu. Yeni Azərbaycan Partiyasının yaranması doğrudan da tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər. Məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən “91-lər”in müraciəti Azərbaycanın həyatında mühüm dönüş nöqtəsi oldu. Onların “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin həmin dövr üçün reallıqlarının təqdimatı və bundan çıxış yolu olaraq yeni partiyanın yaradılması, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsi zərurətinin təqdimatı idi. Həmin müraciətdə belə bir əminlik ifadə edildi ki, Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Heydər Əliyev ola bilər. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə layiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini Heydər Əliyev kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir necə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində müraciətdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Faktiki olaraq 1992-ci ilin noyabr ayı, Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra bir il keçmədi 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.























