Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına silinməz faciə kimi həkk olunmuş, milli kimliyimizi, iradəmizi və ədalət uğrunda mübarizə əzmimizi formalaşdıran ən ağrılı tarixi hadisələrdən biridir. Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində səsləndirdiyi fikirlər bu faciənin yalnız keçmişin acı səhifəsi olmadığını, həm də milli yaddaşın, dövlət iradəsinin və tarixi ədalətin bərpasının rəmzi olduğunu bir daha təsdiqləyir. Dövlət başçısının vurğuladığı kimi, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir və bu faciənin məsuliyyəti birbaşa həmin dövlətin üzərinə düşür.
Tarixi faktlar göstərir ki, bir gecə ərzində 600-dən çox günahsız mülki şəxsin, o cümlədən qadın və uşaqların amansızlıqla qətlə yetirilməsi XX əsrin ən dəhşətli humanitar cinayətlərindən biri kimi yadda qalmışdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları uzun illər ardıcıl fəaliyyət göstərmiş, xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm nəticələr vermişdir. Son illər ərzində 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bu məqsədyönlü fəaliyyətin mühüm siyasi-hüquqi nəticəsi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan əsas məqamlardan biri ədalətin bərpasının mərhələli və prinsipial şəkildə təmin olunmasıdır. Dövlət başçısı qeyd etmişdir ki, Vətən müharibəsində qazanılan Zəfər, Xocalının azad olunması və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması tarixi ədalətin bərpasının ardıcıl həlqələridir. Bu yanaşma Azərbaycan dövlətinin beynəlxalq hüquqa söykənən, eyni zamanda milli maraqlara əsaslanan qətiyyətli siyasətinin göstəricisidir. Xüsusilə vurğulanır ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək həm 2020-ci, həm də 2023-cü illərdə böyük qəhrəmanlıq nümayiş etdirmiş və ədaləti öz gücü ilə təmin etmişdir.
Memorial Kompleksin məhz Xocalı şəhərində ucaldılması dərin simvolik məna daşıyır. Bu addım təkcə xatirənin əbədiləşdirilməsi deyil, həm də dövlətin tarixi ədalətə və milli yaddaşa verdiyi yüksək dəyərin ifadəsidir. Prezidentin qeyd etdiyi kimi, bu kompleks silinməz yaddaşımızın təcəssümü olmaqla yanaşı, gələcək nəsillərə ünvanlanmış mühüm mesajdır: xalq öz tarixini unutmamalı, daim ayıq və güclü olmalıdır. Bu fikir müasir Azərbaycan dövlətçiliyinin ideoloji sütunlarından biri kimi səslənir.
Çıxışın mühüm məqamlarından biri də Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun siyasi-strateji təhlilidir. Dövlət başçısı xatırladır ki, ölkəmiz güclü iqtisadiyyat, peşəkar ordu və geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsi qurmaqla Qələbəyə sistemli şəkildə hazırlaşmışdır. Cəmi 44 gün ərzində düşmənin məğlub edilməsi təsadüfi uğur deyil, uzunmüddətli düşünülmüş dövlət siyasətinin məntiqi nəticəsidir. Bu yanaşma xüsusilə gənc nəsil üçün mühüm dərsdir: güclü dövlət məqsədyönlü strategiya, milli birlik və davamlı inkişaf üzərində qurulur.
Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan Ordusunun humanist prinsiplərə sadiqliyini xüsusi vurğulayaraq qeyd etmişdir ki, ölkəmiz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Bu mövqe Azərbaycan xalqının mənəvi üstünlüyünü və yüksək humanist dəyərlərə bağlılığını nümayiş etdirir. Müasir dövrdə bu yanaşma dövlətimizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayan amillərdən biridir.
Bir təhsil işçisi kimi hesab edirəm ki, Xocalı həqiqətlərinin gənc nəslə düzgün və sistemli şəkildə çatdırılması strateji əhəmiyyət daşıyır. Memorial Kompleks kimi abidələr yalnız keçmişi yad etmək üçün deyil, həm də vətənpərvərlik, milli yaddaş və dövlətçilik şüurunun formalaşdırılması üçün mühüm maarifləndirici platformadır. Məktəblərdə aparılan vətənpərvərlik tərbiyəsi, tarix dərslərinin məzmunu və gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi bu baxımdan xüsusi önəm kəsb edir.
Bu gün güclü Azərbaycan dövləti şəhidlərimizin qanı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində regionda yeni reallıq formalaşdırmışdır. Xocalı Memorial Kompleksinin açılışı isə bu reallığın mənəvi-tarixi zirvələrindən biri kimi qiymətləndirilməlidir.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Dərya Əhmədova























