image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1772106099_fbfe49c1bc6490105b6232850150ab7a

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

image-legitimaz-810x90

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan hər bir addım böyük mənəvi və tarixi əhəmiyyət daşıyır. Xocalıda Memorial Kompleksin məhz faciənin baş verdiyi torpaqda ucaldılması isə yalnız anım aktı deyil, həm də ədalətin təntənəsi kimi qiymətləndirilir.

Uzun illər ərzində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılmış, beynəlxalq platformalarda faciəyə hüquqi-siyasi qiymət verilməsi tələb olunmuşdur. Bu istiqamətdə Heydər Əliyev Fondu və “Xocalıya ədalət!” kampaniyası mühüm rol oynamış, tarixi həqiqətlərin unudulmaması üçün sistemli fəaliyyət göstərmişdir. Lakin Memorial Kompleksin məhz Xocalının özündə inşa edilməsi hadisəyə verilən ən güclü mənəvi cavablardan biridir.

Kompleks yalnız abidə deyil, həm də milli yaddaş məkanıdır. Burada ucaldılan hər bir daş, həkk olunan hər bir ad şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir. Bu məkan gələcək nəsillərə tariximizi olduğu kimi çatdırmaq, baş vermiş faciənin miqyasını anlatmaq və bir daha belə hadisələrin təkrarlanmaması üçün çağırış etmək missiyasını daşıyır.

Memorial Kompleksin açılışı həm də dövlətin öz vətəndaşlarına, şəhid ailələrinə və bütövlükdə xalqa verdiyi dəyərin göstəricisidir. Bu, təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inam mesajıdır. Xocalıda həyatın yenidən bərpası, quruculuq işlərinin aparılması və belə bir əzəmətli xatirə məkanının yaradılması tarixi ədalətin bərpasının rəmzidir.

Bu gün Memorial Kompleks Xocalının ağrı-acısını, eyni zamanda xalqımızın iradəsini, birliyini və sarsılmaz ruhunu təcəssüm etdirir. Onun məhz Xocalıda açılması isə illərlə gözlənilən ədalətin təntənəsi, həqiqətin qalibiyyətinin parlaq ifadəsidir.

Nihad Əlizadə – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki