image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1757315922575

“Məhz vəkil olduğum üçün özümə bəraət ala bilmirdim” -Adəm Məmmədovla müsahibə

image-legitimaz-810x90

“Məhz vəkil olduğum üçün özümə bəraət ala bilmirdim” -Adəm Məmmədovla müsahibə

Az müddət olsa da, müsahibimlə bir aya yaxın məhkum yoldaşı olmuşam. Peşə fəaliyyətinin məhbusu olduğu üçün 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Tez-tez deyərdi ki, “məhz vəkil olduğum üçün özümə bəraət ala bilmirdim”.
Bu dəfəki qonağım ölkə ictimaiyyətində tez-tez çıxış edərək bir çox şəxslərin cinayət işinə bəraət alan tanınmış vəkil Adəm Məmmədovdur.
Adəm Məmmədov 29 mart, 1980-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuşdur, hakim ailəsində böyüyərək hüquqşünas təhsili almışdır. 9 il Ədliyyə orqanlarında zabit rütbəsində xidmət edərək öz xahişi ilə tutduğu vəzifədən azad olaraq AR-nin Vəkillər Kollegiyasına üzv qəbul olunmuşdur.
Real faktlar əsasında yazdığı “Qətlin sonu” və “Oğurlanmış adam” adlı detektiv romanlarının müəllifi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, iki övlad atasıdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. Müstəqil Azərbaycanın çağdaş tarixində Məhkəmə-Hüquq sistemində nadir hadisə hesab edilə biləcək 51 bəraət hökmünə nail olmuşdur.
Atası Məmmədov Məhərrəm Fehruz oğlu Zərdab Rayon Məhkəməsinin sədri olaraq Qarabağ müharibəsində şəhid olmuş yeganə hakimdir.
A.Məmmədov hazırda 9 saylı Cəzaçəkmə müəssisəsinin məhkumudur.

– Adəm müəllim, salam, necəsiniz? Məhkumluq həyatına tez alışa bilmisiniz?

-Allah kəlamı olan Qurani-Kərimdə uca rəbbimiz buyurur: “Biz insanı məşəqqətlə yaratdıq”. Ümumiyyətlə, hər bir şəxs istənilən çətin vəziyyətə uyğunlaşmağı bacarmalıdır. Çətin də olsa, vəziyyətə uyğunlaşdım, hətta bir az irəli gedərək məhrumiyyətləri uğura çevirməyə cəhd etdim. Belə ki, 70-ə yaxın kitab mütaliə etdim, 3-cü kitabımın əsasını qoydum. İlk kitabımı bütün dünyanı bürümüş pandemiya dövründə yazaraq cəmiyyətə belə bir mesaj ötürdüm ki, insan ən çətin zamanlarda da uğur qazana bilər.

-Hüquq fakültəsinin məzunu olandan sonra ən çox hansı peşənin sahibi olmaq istəyirdiniz?

-Hüquq sahəsinin müxtəlif vəzifələrində çalışmaq istəsəm də, rəhmətlik atam kimi hakim olmaq arzusundaydım. Zaman keçdikcə anladım ki, hüquq peşəsinin şahı vəkillik peşəsidir. Buna görə də hər bir gəncin arzusunda olduğu zabit mundirindən könüllü imtina edərək vəkillik peşəsinə gəldim.
Həmin dövrlərdə bunu etmək hər adamın işi deyildi. Yaxınlarımın iradəsi əleyhinə gedərək öz bildiyimi edib vəkillik peşəsini seçdim. Anamın bir sözü var: “Adəmin ağlına bir şey batıbsa, onu da edəcək”.

-Seçdiyiniz peşədə hami tərbiyəçiniz kim olub?

-Hüquqşünas və hakim ailəsindən olduğum üçün istər-istəməz bu peşəyə yönəldim. Konkret olaraq peşəkar fəaliyyətimin ilk dönəmlərində hazırda hakim vəzifəsində çalışan Vahid Hacıyev və Baş Prokurorun sabiq köməkçisi Vüqar Quliyevin tövsiyyə və məsləhətləri bir vəkil kimi formalaşmağımda rol oynamışlar.

-Tanınmış peşəkar vəkil olandan sonra qatı müxalifətçi olaraq vəkillik fəaliyyətinizi məzlumların tapdalanmış hüquqlarının müdafiəsinə həsr etmək istəyiniz olubmu?

-Vəkil istənilən siyasi partiyanın üzvü olmasına baxmayaraq o bunun peşə fəaliyyətinə kölgə salmamalıdır. Bəlkə də buna görə də mən heç bir siyasi partiyanın üzvü deyiləm. Vəkil fəaliyyətində qanunları rəhbər tutmaqla prinsipial və işinə vicdanla yanaşmaqla cəsarətli və əzmkar olmalıdır. Bəlkə vəkillik yeganə peşədir ki, burada xarakter mühüm rol oynayır.
O ki qaldı məzlumlara, bəraət qərarlarının qəbul edilməsinə nail olduğum təxminən 90 faizi onlardır. Öz təcrübəmdən deyə bilərəm ki, istintaq orqanları təqsiri olmayan məzlumların işini çox vaxtı məhkəməyə göndərməyə maraqlı olurlar. Lakin istintaqçılar ağıllarına gətirə bilmirlər ki, hansısa bir mərhələdə mən onların müdafiəsinə qoşula bilərəm.

-Sizcə Adəm Məmmədovu dünya ictimaiyyəti müxalifətçi vəkil və hüquq müdafiəçisi kimi tanısaydı, onun həbsi ilə bağlı yuxarıdan siyasi qərar verilərdi?

-Çox təəssüflər olsun ki, bizim cəmiyyətimizdə müstəqil neytral fikirli insanlara yer yoxdur. Belə xüsusiyyətli insanlara bəzən iqtidar və müxalifət düşüncəli kəsimlər tərəfindən xor baxılır, qəbul edilmirlər.
Peşəkar və tanınmış olduqda isə bu hal daha çox qabarıq büruzə verir. Halbuki inkişaf etmiş cəmiyyətlərdə bitərəf və müstəqil şəxslər həmin cəmiyyətin aparıcı lokomativləridirlər. Buna görə də mənim kimi azad düşüncəli insanları həbsə atmaq asandır. Yəni mənim həbsimə görə müxalifət və iqtidar yönümlü camiyyələrin dəstəyini qazanmaq çətindir.

-İttiham olunduğunuz maddə ilə cəmi üç nəfər həbs olunub. Tanınmış bloger Mehman Hüseynov, siyasətçi Əli Əliyev və Siz. Qeyd etdiyim iki nəfər şəxsin ikisinin də barəsində siyasi qərar yuxarıdan verilmişdir. Siyasi qərarla həbs olunan üçüncü şəxs olduğunuzdan sonra özünüzü necə hiss edirsiniz, gələcək planlarınızda böyük siyasətə qoşulmaq fikriniz varmı?

-Adlarını çəkdiyiniz şəxslərdən fərqli olaraq əvvəldə dediyim kimi mən müstəqil fikirli, azad düşüncəl, sırf peşə fəaliyyətimlə məşğul olmuşan. Bu fəaliyyətim zamanı hər hansı tərəf tutmamışam, ola bilsin ki, peşə fəaliyyətimlə bağlı prinsipiallığım cəmiyyətdə yüksək mövqelərə malik hansısa bir şəxsin şəxsi maraqlarına və işgüzar nüfuzuna xələl gətirmişdir. Bu dünya təcrübəsində çox nadir hadisə hesab edilə bilər. Mənim barəmdə çıxarılmış bu cür hökmlə maraqlı şəxslər məni siyasətçi kimi təqdim ediblər.
(Müəllifdən: Bu zaman Adəm Məmmədov gülümsəyərək bildirdi: “Düşünürəm, sualınıza kifayət qədər dolğun cavab verdim”).

-Polisdəki kimi yaxşı jurnalist və pis jurnalist anlayışı var, yoxsa jurnalistlərin dostluğu ilə düşmənçiliyi bilinmir?

-Peşənin pisi yoxdur, peşəkarın pisi və yaxşısı var. Bir çox sahələrdəki kimi jurnalistikada monopoliya hökm sürür. Buna görə də jurnalist peşəsinə təsadüfən düşən şəxslər günü-gündən artır. Hər hansı peşəyə yalnız gəlir mənbəyi kimi baxanda qətiyyən inkişafdan söhbət gedə bilməz. Çünki belə şəxslərin üzərlərində işləməyə və təkmilləşməyə vaxtları olmur. Son vaxtlarda jurnalist peşə etikasından söhbət gedə bilməz, bəzi jurnalistlər yalnız qərəzli şəkildə sifarişlər qəbul edirlər. Az qala hər bir məmurun dırnaqarası jurnalistlərdən ibarət qoşunu var. Bu gedişatla tanınmış qələm ustalarının kökü kəsilməklə qırmızı kitaba düşəcəklər.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyova Allah rəhmət eləsin! Onun müəllifi olduğu “O olmasın, bu olsun” əsəri sanki indiki zamanı qələmə almışdır: “Məşədi, 5 manat ver, onu qəzetimdə biabır edim”.
Jurnalistika cəmiyyətin güzgüsüdür, sadəcə bunu bəzi şəxslər alətə çeviriblər. Əsl peşəkarlar istənilən sahəyə nüfuz və hörmət gətirirlər. Onların obyektiv və ədalətli olması şəxsiyyət kimi formalaşmalarına töhfə verir. Nəticədə istənilən sahənin peşəkarları əsl vətənpərvər olmaqla cəmiyyətimizə nümunə olurlar. Belə şəxslər istər-istəməz gözəl vərdişlərə sahiblənirlər.
Qətiyyətlə demək istəyirəm ki, müstəqil – qərəzsiz və obyektiv jurnalistika fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. Vaxtı ilə hüquqlarını müdafiə etdiyim jurnalistlər mən həbs olunandan sonra ən azı neytral mövqe nümayiş etdirməkdənsə, irəli gedərək kimlərinsə sifarişi ilə cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd etmişdilər. Həbsdə olmasaydım, bu müsahibəmdə qeyd etməzdim bunları.

-Peşə fəaliyyətinizlə əlaqədar bir neçə yüksək rütbəli məmurların qəbulunda olmusunuz. Qəbulda olarkən məmurlar tərəfindən hansı təəssüratlar sizə bağışlanmış və Azərbaycan məmuru yerində olaraq öz vəzifə borcunu layiqincə yerinə yetirə bilmişdirdirmi?

-Nadir vəkillərdənəm ki, vətəndaşların hüquqlarının müdafiəsi üçün mütəmadi olaraq ölkənin hüquq-mühafizə orqanlarının qəbulunda olmuşam. Bu kimi fəaliyyətim əksər hallarda uğurla nəticələnmiş və mənə nüfuz gətirmişdir. İcraatımda olan işin müdafiə taktikasını mükəmməl qurduqdan və istintaq orqanlarının kobud qanun pozuntularını aşkar etdikdən sonra bu barədə hüquq-mühafizə orqanlarının rəhbərlərinə işin xüsusatları haqqında səlis və ardıcıl məlumat verdikdə müsbət nəticədən danışmaq olar.
İlk öncə vəkil özü inanmalıdır ki, müvəkkili təqsirsizdir. Deyərdim ki, hər bir işin açarı inamdan keçir. Bəzən elə insanlar var ki, həyatda mövcud olmaqlarına belə şübhələnirlər. Onda qalmışdır ki, hansısa işi müsbət həll etsinlər.
Dəfələrlə olub ki, hüquq-mühafizə orqanlarının rəhbərlərinin köməkçiləri işin halları barədə özlərinin istədikləri kimi məruzə etmişlər. Bu hadisələrin şahidi olaraq dərhal iradımı bildirərək işin halları barədə düzgün məlumat vermələrini xahiş etmişəm.
Əsas məsələ qəbulunda olduğum şəxsə həqiqəti çatdırıb inandırmaqdır. Bir vəkil olaraq perspektivini görmədiyim işlə bağlı qəbullarda olmuram.
Ümumi fəaliyyətim dövründə belə nəticəyə gəlirəm ki, bəzən məmurlar yerində olur, bəzən isə tapmaq olmur. Qəbulda olarkən mehriban qarşılanmışam, bəzən işlər müsbət həllini tapmayanda gülümsəyərək “qoltuğuma qarpız” verməməklərini xahiş etmişəm.

-Hansısa müvəkkilinizin hüquqlarını ibtidai istintaq və məhkəmə instansiyasında müdafiə edərək kimlərinsə sifarişi ilə qərar və hökm çıxarıldığının şahidi olmusunuzmu?

-Özüm daxil olmaqla dəfələrlərlə şahidi olmuşam. Həbsimdən əvvəl müəllifi olduğum “Oğurlanmış adam” əsərimdə belə bir ifadə işlətmişəm: “Vəkil David hər ədalətsiz qərar qəbul edilərkən evə gəldikdən sonra güzgü qarşısında dayanıb özünə tamaşa edirdi. O, güzgüdə qanunsuz həbs olunan şəxslərin üzlərini öz üzündə görürdü”. Bu şəxslərdən nə vaxtsa mənim yaxınlarım və özüm də ola bilərəm, elə nəticədə də belə oldu və hal-hazırda Sizin qarşınızda müsahibə verirəm.

-Beynəlxalq təşkilatlardan əməkdaşlıq təklifi və qrantlar əsasında peşə fəaliyyətinizi davam etdirmək təklifi almısınızmı?

-Bəli, təklif almışam, vaxtım və marağım olmayıb.

-Ölkə telekanallarının birində hüquq məsləhətləri mövzusunda üç ilə yaxın verilişin müəllifi və aparıcısı olmusuz. Bir anlığa həm vəkil, həm də telekanalın sahibi və rəhbəri olmaq arzusuna düşmüsünüzmü?
-İlk növbədə onu qeyd etmək istəyirəm ki, insan hüquq və azadlıqlarının müdafiəsinin təqdim olunması yeri mətbuatdır. Hər iki fəaliyyətimin nəticəsində mən belə qərara gəldim ki, müəyyən qədər mükəmməlliyə nail olmaq üçün bu peşələr bir-birini tamamlayır.
Həbsimin pərdə arxası peşə fəaliyyətimlə bağlı olsa da, məni guya jurnalist kimi məhkum ediblər. Yəni məni zorla rəsmi olaraq “jurnalist” ediblər. Buna görə də gələcəkdə telekanal təsis etmək niyə də planımda olmasın?
Rus ədəbiyyatının klassiklərindən biri olan İvan Krılovun məşhur təmsillərinin biri ilə başıma gətirilənləri bənzətmə aparmağım yerinə düşərdi. Yəni həmin təmsildə məhkəmə prosesi qoyunun bir kəndlinin toyuğunu oğurlayıb yeməsi üzərində qurulur. Uzun məhkəmə prosesi zamanı qoyun məhkəməni inandırmağa çalışır ki, o təbiətən otyeyəndir, ətyeyən deyil. Nəhayət, məhkəmə hökmü elan edir: “Qoyun edam edilsin, əti hakimə, dərisi isə “zərərçəkmiş” kəndliyə çatsın.
(Müəllifdən: Bu zaman Adəm gülərək deyir ki, rəhmətlik Krılov elə bil mənim məhkəməmdə iştirak edib)

-Artıq 6 ay müddətinə azadlıqdan məhrum olunmağınızın son günlərini yaşayırsınız. Bakı İstintaq Təcridxanasında və burada hansısa maraqlı şəxs diqqətinizi cəlb edibmi? Çünki buranın məhkum kontingentinin bəziləri ölkənin “beyin mərkəzləri”ndə çalışmış şəxslərdir.
-Bakı İstintaq Təcridxanasında olarkən kamera yoldaşım Rüfət Səfərovla birlikdə idik. O keçən il ABŞ-nin Dövlət Departamenti tərəfindən ilin dünya hüquq-müdafiəçisi nominasiyasının qaliblərindən biri olmuşdur. R.Səfərov məndə savadlı və intellektual bir şəxs təəssüratı yaratmışdır. Burada isə Sizi – jurnalist Mahmud Rasimoğlunu tanımışam. Üzünüzə demək olmasın, məndə xoş təəssürat yaratmısınız. Uzun illər həbsdə olmağınıza baxmayaraq ruhdan düşməyərək öz peşənizə sadiq qaldığınızı gördüm. Məndən başqa da maraqlı insanlardan bu kimi müsahibələr götürərək cəmiyyətə təqdim etmisiniz. Baxmayaraq ki, 2015-ci ildə rəhbəri olduğunuz “Qafqaz Xəbər Agentliyi”ni, “Qafqazinfo” portalının rəhbəri Elbrus Ərudun Sizə qarşı məhkəmə çəkişməsində onun vəkili olmuşam.
Mirşahin Ağayevin dediyi kimi sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun “Qara qutusu” adlandırdığı həmin nazirliyin Antiterror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevlə tanış oldum. Xülasə, bir kəlmə ilə fikrimi bildirmək istəyirəm ki, inkişaf etmiş ölkələrdə belə bir kadr ən ağır cinayət törətsə də, onu həbs etmirlər. E.Quliyev ən azı ölkənin ciddi təhsil ocaqlarında pedaqoji fəaliyyətə cəlb edilməliydi.
Ən maraqlısı isə Daxili İşlər Nazirliyinin sabiq birinci müavini, Baş prokuror və ölkəmizi bir neçə dövlətlərdə təmsil etmiş səfir Eldar Həsənovla qarşılaşmağım çox maraqlı oldu. Belə ki, mən onun vəkili olmuşam. Vəkili olduğum şəxslə hal-hazırda məhkumluq həyatı yaşamaq məndə təzadlı hisslər yaratmışdır.
MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi, eyni zamanda 12 il Azərbaycanı Avropa Şurasının cinayət problemləri komitəsində ekspert kimi peşəkarlıqla təmsil etmiş, hüquq alimi, Birinci Qarabağ müharibəsi veteranı, uzun illər istintaq orqanlarında işləmiş general Mövlam Şıxəliyevlə yaxından tanış oldum. Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Əhməd Əhmədov və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşkiyyat Baş idarəsinin sabiq rəisi olmuş general Nizami Şirinovla da yaxın ünsiyyətdə oldum.
Vaxtınızı çox almadan adlarını çəkdiyim və çəkmədiyim bu insanların keçdikləri həyat yolları və xidmətlərinə diqqət yetirdikdə onların həbsdə saxlanması məndə təəssüf hissi doğurur. Siz bunu yaxşı bilirsiniz, mən bu barədə oxucuları məlumatlandırmaq istəyirəm.
Məhkum yoldaşlığı digər yoldaşlıqlardan adətən daha möhkəm və saf olur. Çünki oranın sakinləri uçurumun dibində bir-biri ilə tanış olurlar. Bu isə onlara imkan verir ki, düşdükləri uçurumun dərinliklərini və həyatın çətinliklərini ölçə bilsinlər.

-Bu 6 ay ərzində məhkum olduğunuz dövrdə haqsız həbsinizlə əlaqədar mübarizə aparmısınızmı, yoxsa Əli Əliyev kimi sakit oturub əfv olunmağınızı gözləmisiniz?

-İlk öncə onu demək istəyirəm ki, Əli Əliyevin nə edib-etməməsi mənə məlum deyil. Mənə gəldikdə isə ailə üzvlərim ölkənin Baş prokuroru Kamran Əliyevin, Daxili İşlər Naziri Vilayət Eyvazovun, Məhkəmə Hüquq Şurasının, Ali Məhkəmənin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın səlahiyyətli nümayəndələrinin qəbullarında olublar.
Göstərdiklərimlə yanaşı Dövlət Başçısı İlham Əliyev cənablarına təxminən 300-ə yaxın rəsmi müraciətlər etmişik. Qəbul etmiş şəxslərin mənim işim barədə məlumatlı olduqlarını və şəxsən məni tanıdıqlarını, haqsızlığa məruz qaldığımla razılaşsalar da, nəticəsi olmamışdır.
Bu proseslər zamanı belə qənaətdə gəldim ki, üzərimdə işləməklə, çalışmaqla Nobel mükafatı almaq mümkündür, nəinki bizim məhkəmələrdə sifarişli proseslərdə bəraət almaq.

– Azərbaycanda vəkillik institutunun mexanizmi peşəkar səviyyədədir, yoxsa sadəcə dəllallıq funksiyası ilə öz işini davam etdirir?

-Vəkillik individual fəaliyyət növüdür. Verilən sualda qabartdığınız məsələni hamıya şamil etmək olmaz. Lakin çox təəssüflər olsun ki, göstərdiyiniz üsulla fəalliyyət göstərən vəkillər də çoxdur.
Ümumiyyətlə, vəkilin nüfuzu və peşəkarlığı məhkəmələrin, istintaq orqanlarının və bütün dövlət təşkilatlarının qəbul etdikləri ədalətli qərarlardan asılıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzu yoxdursa, sadəcə notarius funksiyasını yerinə yetirirsə, vəkillik institutunun hörməti dünəndən qeybə çəkilmiş hesab olunur. Belə şərait olmasına baxmayaraq istənilən vəkil icraatında olan işləri uduzanda kişi kimi məğlub olmalıdır. Yəni işinə peşəkar və vicdanla yanaşmaqla heç bir vaxt xəyanətə yol verməməlidir. Eyni zamanda təzyiq və təqibləri rədd etməlidir.
Mən bu dediklərimə əməl etdiyim üçün bu gün sizin qarşınızda vəkil kimi deyil, məhkum etdirilmiş kimi müsahibə verirəm.
Bu gün Azərbaycanda vəkilləri üç növə bölmək olar. Birincisi – işinə peşəkarcasına yanaşaraq sona kimi mübarizə aparan; ikincisi – özünü söylədiyim xüsusiyyətlərə malik göstərməyə çalışanlara; üçüncüsü – çiynində vəkil mantiyası və cibində vəsiqə gəzdirən və heç bir yerdə səs çıxarmayanlar.
Mən deyərdim ki, vəkillik peşəsində olan qısqanclıq və paxıllıq kimi mərəzlər heç “şou biznes” aləmində də yoxdur.

-Təxminən 15 il bundan əvvəl ər-arvad olan şəxslər vəkillik fəaliyyəti ilə məşğul olaraq mərhum hakim Bəhram Şükürova qarşı sui-qəsd olunmasını sifariş edərək terrorçuluq maddəsi ilə məhkum olunmuşdular. Cəzalarını çəkdikdən sonra ər olan şəxs dünyasını dəyişmiş, arvad isə bu günlərdə vəkillik fəaliyyətinə davam edərək Vəkillər Kollegiyasında məsul şəxslərdən biridir.
Sizcə, bu xanım yeni vəkillik fəaliyyətinə qədəm qoyan hüquqşünaslara nə kimi nümunə ola bilər?

-Mən bu hadisə barədə məlumatlı deyiləm, buna görə də bilmədiyim mövzu haqqında şərh verməyim doğru olmaz. Konkret onu deyə bilərəm ki, kimliyindən asılı olmayaraq terrorçuluqda məhkum olunan bir şəxsin vəkillik fəaliyyəti ilə məşğul olmasını mən düzgün hesab etmirəm.

-Həbs olunduğunuz müddət ərzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciətlər etmisiniz və müraciətimizin nəticəsindən məmnunsunuz?

-Ölkəmizdə Ombudsman təsisatı yalnız kağız üzərində mövcuddur. Onların iş fəaliyyəti dövlət və qeyri-hökümət təşkilatlarının tədbirlərində iştirak edib görüntü yaratmaqdan ibarətdir. Peşəkar və prinsipial vəkilin iş fəaliyyəti yüzlərlə ştat vahidi olan Ombudsman Aparatından daha effektiv fəaliyyət göstərir. Ombudsman və onun əməkdaşları insan hüquqlarının müdafiəsi üçün ortaya prinsipial mövqe qoysalar, uydurma ittihamlarla məhkum olunma riski altına düşəcəklər. Ombudsmanın özünün hüquqlarının qorunmasına ehtiyac vardır.

-Gələcək planlarınızda günahsız məhkumlara hüquq müdafiəçisi kimi yardım etmək imkanınız olacaqmı?

-İlk növbədə hüquqi müstəvidə öz hüquqlarımın bərpa olunmasına çalışacam, sonrasını isə zaman göstərəcək.

-Hansı Adəm Məmmədov daha güclüdür, vaxtı ilə vəkil olan, yoxsa məhkum olan?

-Məhkum yox, məhkum etdirilən. Güc və qüvvət sahibi Allahdır! Biz bəndələr isə vasitəyik. Qılınc nə qədər çox döyülərsə, daha da iti olar. Nə qədər çətinliklərdən çox keçsək, bir o qədər də möhkəmlənirik. Həyatımda 13 yaşında olarkən atamı itirdim, məcburiyyətdən vaxtından əvvəl böyüdüm. Məhkəmə sədri olan atam yaşasaydı, onun kölgəsində qalmaq ehtimalı olaraq indiki Adəm Məmmədov olmazdım. Çətin də olsa, Allah bilən məsləhətdir. Əsas odur ki, ruhumuz və hisslərimiz məhkum olunmayıb.

-Bu müsahibənin müəllifini sizdən müsahibə aldığı üçün cəzalandırsalar, ilk reaksiyanız nə olacaqdır?

– Sabiq Ədliyyə zabiti və vəkil kimi əminliklə deyə bilərəm ki, hər bir şəxs dünyanın istənilən yerində, məkanında olmasından asılı olmayaraq yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər. Hətta faşist düşərgələrində belə insanlar əsir olmasına baxmayaraq yazıb-yaradıblar.

(Müəllifdən: Adəm Məmmədov gülümsəyərək bildirdi: “Bəlkə düşünməyə də kimdənsə icazə alasınız?! Belə bir hal baş versə, qanunamüvafiq olaraq tərəfimdən prinsipial addımlar atılacaq”)
Müəllifdən: Harada olmağınızdan asılı olmayaraq öz peşəsini sevən şəxs hər zaman xalqının və dövlətinin yanında olmalıdır. Hakimiyyət gəldi-gedərdir, Azərbaycan isə babalardan bizlərə bəxş edilən dəyərdir.

Mahmud Rasimoğlu
29.08.2025

image-fb_img_1757315920190


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki