Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin Rusiyaya göndərdiyi 12 yük maşını alma ölkədən burxılmaması haqda xəbər vermişdik.
Musavat.com-a məsələ ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
Məlumatda qeyd olunur ki, ümumilikdə 286 ton alma ilə dolu maşınlar Xudat rayonunda yerləşən, Mehdiyevin kürəkəninin şəriklərindən olduğu “Food City Agrocomplex”də saxlanılır.
Maşınlar Mehdiyevin kürəkəninin zorla sahibinin əlindən aldığı “TurAz” MMC adından səmkirli İlkin Cahan oğlu Həsənovun adına rəsmiləşdirilib. Yükün dəyərinin yarım milyon manat olduğu deyilir.
Almaların Rusiyaya buraxılmaması ilə bağlı iki versiya var. Maşınlardan birində almalar çürük olduğuna görə İlkin Həsənov zay məhsulu “TurAz”ın yerləşdiyi Şabran rayonuna qaytarıb, orada şirkətin ofisi önünə boşaltmaq tapşırığı verib. Lakin “TurAz”da Mehdyevin kürəkəninin yaxın adamı Kərim Məmmədov buna imkan verməyib. Bundan sonra maşındakı çürük almalar şirkətin yaxınlığında yerə boşaldılıb. Əraziyə başının dəstəsi ilə gələn Kərim Məmmədov yük maşınının sürücüsünü döyüblər.
“Şimal xəbərləri”nin yaydığı məlumata görə, meyvə məhsulunun tərkibində yüksək pestisid qalığı aşkarlanıb. Buna görə AQTA-nın Xaçmazdakı idarəsi tərəfindən meyvələr ölkədən buraxılmayıb.
Yada salaq ki, “TurAz”MMC şabranlı sahibkar Mansur İbrahimov tərəfindən təsis olunub və ona məxsus bağlarda fəaliyyət göstərib. Mehdiyevin kürəkəni Xaçmazın deputatı olduğu günlərdə “TurAz” MMC qəsb edib, ələ keçirib.
Mansur İbrahimov məhkəməyə müraciət edərək şirkətin ona məxsusluğunu təsdiq edən məhkəmə qərarı çıxarılıb. Lakin bu günə qədər həmin məhkəmə qərarının icrası mümkün olmayıb.
Mansur İbrahimov Musavat.com-a açıqlamasında bildirmişdi ki, şirkətin ərazisində yetişdirilən meyvələr xaricə daşınır. Lakin satışdan əldə edilən vəsait ölkəyə gətirilmir.
Onun dediklərindən sitat:
“Şirkətdə bu işlərə Zahir Ələsgərov baxır. İlham onu “TurAz” MMC-nin direktoru təyin edib. Hər il yazırlar ki, guya xaricə apardıqları meyvələr orada zay olub, çürüyüb. Amma hər il zəbt olunan bağlarımda 400-500 nəfəri işlədir, onlara gördükləri işə görə əmək haqqı ödəyirlər. Əgər hər il ziyan çəkirlərsə, xaricə daşıdıqları meyvə orada zay olursa və gəlir əldə edə bilmirlərsə, niyə bağlara bu qədər vəsait xərclənir?”
Mansur İbrahimov qeyd edib ki, zəbt olunmuş meyvə bağlarından 10 milyonlarla manat xeyir götürülür:
“Faktiki olaraq il ərzində bağlardan 10 milyon manat və daha artıq xeyir götürülür. Lakin həmin vəsait ölkəyə qaytarılmır. Dövlət orqanlarına müraciət edərəm ki, bu məsələlər araşdırılsın”.
Mansur İbrahimov bildirib ki, sabiq deputat İlham Əliyev Zaur Məmmədov kimi hakimlərin əli ilə illərdir ki, onun bağlarını zəbt altında saxlayır və talayırlar:
“Bu sürtülmüş iddiaları var, hər dəfə bir yamaq vurub məhkəməyə verirlər. Özləri də çox gözəl başa düşürlər ki, iddiaları təmin olunmayacaq. Lakin iddialarına baxıldığı müddət 1 il çəkir və hər il bir iddia verməklə 5 ildən artıqdır ki, bağlarımın mənə qaytarılmasını əngəlləyirlər. Məhkəməyə müraciət hüququndan faktiki olaraq sui-istifadə edirlər. Sonuncu belə sürtülmüş iddiaları Sumqayıt Kommersiya Məhkəməsində qəbuledilməz hesab olunub. Əsas kimi eyni mahiyyətli iddia ilə Ramiz Mehdiyevin kürəkəni İlhamın əvvəllər çıxış etməsi göstərilib!”
Mansur İbrahimov deyib ki, özgənin qanunsuz sahibliyindən əmlakının geri qaytarılmasını tələb edir:
“Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər, iddilar parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı. Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etdikləri iddialar da bu qəbildən idi. Artıq 3-cü dəfə idi ki, bu iddia ilə çıxış edirdilər. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən sırf vaxt uzatmaq üçün yenidən bu iddianı ortaya atmışdılar. Ona görə də bunların verdikləri sürtülmüş, məhkəmələrdə dəfələrlə baxılmış iddiaya yenidən baxılana kimi proses dayandırılmışdı. Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli dəfələrlə baxılıb rədd edilmişdi”.
Mansur İbrahimovun sözlərinə görə, uzun illərdir ki, Şabran rayonu ərazisində bağ torpaq sahələri PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev tərəfindən zəbt olunub:
“6 il əvvəl zəbt olunmuş bağlarımın, “Turaz” və “Dostluq” adlı şirkətlərimin zəbtdən azad edilməsi üçün Şabran Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə xeyrimə qərar versə də, qarşı tərəf olan İlham Əliyevin şikayət vermə hüququndan sui-istifadəsi nəticəsində bu günə qədər bağlarım zəbtdədir. Məhkəmələrin isə sonu görünmür. İlham Əliyev qayınatası vəzifədə olarkən mənə onun əlaqələrindən istifadə etməklə təzyiqlər göstərib bağlarımı zəbtdə saxlayırdı. Bu gün isə eyni mahiyyətli, əsassızlığı, qanunsuzluğu məhkəmə qərarları ilə təsdiq olunan iddialarla, vəsatətlərlə, şikayətlərlə vaxtı uzatmaqla bağlarımı zəbt altında saxlayır. İlham Əliyev 6 ildir ki, məhkəməyə şikayət vermə hüququndan sui-istifadə etməklə məhkəmə davalarını sonu görünməyən bir şouya çevirib. Ən son belə şou-iddia ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
2024-cü ilin mayında Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə onun İlham Əliyevə qarşı iddiasına baxılarkən qarşı tərəf prosesin uzadılmasına xidmət edən növbəti vəsatətlə çıxış etdi. İlham Əliyev mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış etdi. Hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd etdi. Bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdilər. Hakim Almaz Süleymanova İlham Əliyevin şikayətini qanunsuz və əsassız hesab etdi. İş materialları yenidən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidlinin icraatına qaytarıldı. Əvvəldən də bəlli idi ki, bu şikayətləri də qanunsuz və əsassızdır, sadəcə vaxt uzatmağa xidmət edir. Belə də oldu, 1 aydan artıq müddət sərf olundu, İlham Əliyevin şikayəti təmin edilmədi. Bundan sonra da gah vəkili qəfil xəstələndi, gah guya barışıq üçün vaxt istədilər. Sonra da vəkilin atası, ardından da qardaşı rəhmətə getdi. Artıq 2025-cü ilin oktyabr ayıdır. Hələ də bağlarım zəbt altındadır. Üstəlik, bağlardan yığdıqları meyvəni də talan edib xaricə daşıyır, pulları ölkəyə gətirmirlər. Xahiş edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırsınlar”.


























