Fransa prezidenti Emmanuel Makronun ögey qızı, 41 yaşlı Tifenn Ozye Paris məhkəməsində bildirib ki, anası Bricit Makrona qarşı aparılan cinsiyyət xarakterli kibertəzyiqlər onun sağlamlığına və həyat tərzinə mənfi təsir göstərib.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Ozye bu fikirləri Bricit Makronun cinsi kimliyi və seksual oriyentasiyası barədə əsassız iddialar yayan 10 nəfərin mühakimə olunduğu prosesin ikinci və son günündə səsləndirib.
72 yaşlı Makron uzun müddətdir ki, onun guya transgender olması barədə əsassız sui-qəsd nəzəriyyələrinin hədəfi olub.
“Bu gün burada olmaq vacib idi, çünki anamın qarşılaşdığı zərərdən danışmaq istəyirdim. Onun bu hücumların qurbanına çevrildiyi vaxtdan bəri həyatının necə dəyişdiyini anlatmaq istədim”, – deyə Ozye qeyd edib.
O, anasının səhhətində və psixoloji durumunda bu təzyiqlərdən sonra dəyişikliklər müşahidə etdiyini, Makronun geyim seçimi və duruşunda belə ehtiyatlı davranmağa başladığını söyləyib.
“Çox yaxşı bilir ki, onun görünüşü bu saxta nəzəriyyələri gücləndirmək üçün istifadə olunur”, – deyə Bricit Makronun qızı əlavə edib.
Ozye bildirib ki, anasına bu mövzu barədə demək olar hər gün nəsə çatdırılırmış – “hətta ona rəğbət bəsləyən və ona yazığı gələn insanlar tərəfindən belə”.
Onun sözlərinə görə, Bricit Makron “bununla yaşamağı öyrənsə də”, ən çox bu vəziyyətin nəvələrinə mənfi təsirinə görə əziyyət çəkib, çünki məktəbdə uşaqlara bu iddialara görə istehza edilirmiş.
Prokurorlar təqsirləndirilən şəxslər üçün üç aydan on iki aya qədər şərti həbs və 8000 avroya qədər cərimə tələb edirlər.


























