Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər.
“Unikal” xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley”in yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul etdiyi barədə məlumat verib.
Burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva fermer təsərrüfatında yaradılan şəraitlə yaxından tanış olub, məhsullara baxış keçirib, burada çalışan əməkdaşlarla səmimi söhbət edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda təsərrüfatın kollektivi ilə xatirə foto şəkilləri çəkdirilib.





















