Deputat: “Zacarovanın cavabın kağızdan oxunması göstərirdi ki, öncədən Rusiyanın hazırlanıb”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan XİN-nin açıqlaması ilə bağlı suala cavab olaraq bildirib ki, Moskva öz cavabını diplomatik kanallar vasitəsilə Bakıya çatdıracaq. Zaxarova bu barədə suala bir müddət əvvəl Azərbaycan tərəfinin Paşinyan-Putin görüşündə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı Rusiyaya etirazını bildirməsinə görə münasibət bildirib.

Bu arada, Zaxarova xatırladıb ki, Rusiya və onun lideri Putin münaqişənin həllində əsas rol oynayıblar. “Rusiya 1990-cı illərdən bəri davam edən bu həssas məsələnin həlli üçün şərait yaratmağa çalışıb. Son illərdə İrəvan və Bakı vasitəçilər olmadan dialoq aparmaq qərarına gəliblər və bu qərar Rusiyanın da başa düşdüyü bir qərardır. Eyni zamanda, normallaşma prosesini dönməz hala gətirmək üçün hələ çox iş görülməlidir”. O xatırladıb ki, münaqişənin həlli Moskvanın dəstəklədiyi ATƏT-in Minsk Qrupunun ləğvi qərarı ilə rəsmiləşdirilib.
Zaxarovanın bu açıqlaması Moskvanın Cənubi Qafqaz siyasətində dəyişən reallıqlara uyğunlaşmaqda çətinlik çəkdiyini göstərir. Rusiya bir tərəfdən Qarabağ məsələsində “həlledici rol oynadığını” vurğulayır, digər tərəfdən isə faktiki olaraq Bakı ilə İrəvanın vasitəçilərsiz dialoqunu qəbul etməyə məcbur qalır. Bu isə Kremlin regiondakı ənənəvi təsir alətlərinin zəiflədiyini ortaya qoyur. Azərbaycanın Paşinyan-Putin görüşündə Qarabağ məsələsinin müzakirəsinə etirazı isə prinsipial mövqedir: Bakı artıq bu mövzunun beynəlxalq və ya üçüncü tərəflər arasında müzakirə predmeti olmadığını açıq şəkildə bildirir.
Zaxarovanın “cavab diplomatik kanallarla veriləcək” deməsi də göstərir ki, Moskva açıq qarşıdurmadan yayınmağa çalışsa da, məsələni tam bağlanmış hesab etmir. Əslində, burada əsas ziddiyyət ondan ibarətdir ki, Azərbaycan Qarabağ məsələsini bitmiş sayır, Rusiya isə prosesi tam yekunlaşmış kimi təqdim etmək istəmir. Bu fərqli yanaşma gələcəkdə tərəflər аrаsında yeni diplomatik gərginliklərin yaranmasına səbəb ola bilər. Nəticə etibarilə, Zaxarovanın açıqlaması bir daha göstərir ki, Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb və bu reallıqda əsas söz sahibi artıq region ölkələrinin özüdür, kənar güclər isə bu dəyişikliklərlə hesablaşmağa məcburdur.
Xatırladaq ki, 2017-ci ilin yanvarında Lavrov “Dağlıq Qarabağ” məsələsinin yalnız Azərbaycanın daxili işi olmadığı barədə əsassız iddia səsləndirmişdi.
Sonrakı illərdə Rusiya rəhbərliyi məsələyə nöqtə qoydu və prezident Putin dəfələrlə bildirdi ki, beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Üstündən illər keçəndən sonra, həmçinin Ermənistan belə, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab etsə də, Rusiya yenidən Qarabağ mövzusunu “qaşıyır”. Məqsəd nədir?

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirib ki, sözügedən brifinqdə onun diqqətini çəkən iki məqam var idi:
“Onlardan biri Zaxarovanın verilən suala cavabı əvvəldən sonadək kağızdan oxuması, ikincisi, jurnalistin verdiyi sualın özü idi. Cavabın kağızdan oxunması və sualın məzmunu göstərirdi ki, onların hər ikisi öncədən Rusiyanın Xarici İşlər Nazirliyində hazırlanıb. Sualdakı “Azərbaycan özü Rusiyanın yeni subyektlərini fəal şəkildə şərh etdiyi və onları Ukrayna ərazisinin bir hissəsi saydığı halda, Rusiya tərəfindən Dağlıq Qarabağın faktiki olaraq yada salınmamasının tələb edilməsi” sözləri əslində Zaxarovanın cavabının giriş hissəsi idi ki, həmən o jurnalistin dilindən səsləndirilirdi. Əgər bununla nəzərə çatdırırlar ki, onlar “Dağlıq Qarabağ”dan biz “Rusiyanın yeni subyektlərini” Ukrayna ərazisi saydığımız üçün dəm vururlar, bu, cəfəngiyyatdır. Sual edirəm: Rusiyanın “yeni subyekt” adlandırdıqlarını hətta müttəfiqləri arasında kim onun ərazisi olaraq tanıyır? Heç kim! Və Qarabağ haçandan Azərbaycanın yeni ərazisi sayılmağa başlanıb? Qarabağı, Rusiya da daxil olmaqla, kimsə Ermənistan torpağı olaraq tanıyıbmı? Əlbəttə, yox!”
Deputat digər mühüm məqama da diqqət çəkdi: “Burada açıq deyək: Ermənistan Qarabağın bir hissəsinin müstəqilliyini tanımaq istəyəndə də buna maneçilik törədən məhz Rusiya olub. Niyə? Çünki Rusiyaya oranın “mübahisəli ərazi” kimi qalması əl verirdi. Belə bir vəziyyət, yəni regionda qarşıdurmanın idarə edilməsi, Moskvaya Ermənistanı forpost, Azərbaycanı isə təzyiq altında saxlamaq üçün lazım idi. Zaxarova deyir ki, onlar guya 90-cı illərdən bəri Bakı və İrəvan arasındakı bu “mürəkkəb məsələ”ni həll etməyə çalışırlarmış. Yaxşı, onda niyə İkinci Qarabağ savaşına qədər münaqişə öz həllini tapmadı? İkinci Qarabağ savaşı zamanı Rusiyanın məqsədi doğrudan da qan tökülməsinin qarşısını almaq idisə, onda nədən yeni toqquşmalara yol açacaq əsas məsələnin həllinə, yəni Qarabağın Azərbaycana tam qayıdışına mane olmağa çalışırdı? Üstəlik, bunun həllini gələcək nəsillərə saxlamağı məsləhət görürdü”.
Milli Məclisin üzvü sonda sual etdi: “Əgər Rusiyanın məqsədi Bakı və İrəvan arasında hələ həllini tapmamış məsələlərin çözülməsinə dəstək verməkdirsə, onda Ermənistandakı səfirləri Sergey Kopırkini iki xalq arasında münaqişənin yaranmasında əsas səbəbkarından olan Zori Balayanı dəfn mərasiminə niyə göndərmişdilər? Bununla nə demək istəyirdilər? Hesab edirəm ki, səfirlərini ora göndərməklə həmin o “əsas səbəbkar”ın özləri olduğunu bir daha təsdiqləməkdən başqa nəsə əldə edə bilməyəcəklər”. Deputat bildirdi ki, artıq haylar da ayılıblar: “Onların bir hissəsi bu gün Zori Balayan kimilərini azərbaycanlılardan betər lənətləyir və əminəm ki, gələcəkdə belələrinin sayı daha da artacaq”.






















