Rusiya rəsmiləri ABŞ-la yüksək səviyyəli görüşə hazır olduqlarını israrla vurğulamaqda davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrov italyan nəşri Corriere della Seraya verdiyi, lakin qəzetin dərc etmədiyi müsahibədə bildirib ki, Moskva hələ də Putin–Tramp sammitinin Budapeştdə keçirilməsini mümkün hesab edir. TASS həmin müsahibəni eksklüziv şəkildə yayıb. Lavrov qeyd edib ki, “Budapeşt formatı bağlanmayıb” və Rusiya Vaşinqtondan siyasi siqnal gözləyir.
”Xeberaz.info” xəbər verir ki, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov da “Yunaşev Live” Telegram kanalına açıqlamasında eyni mövqeni səsləndirib: “Budapeşt sammiti hələ də mümkündür, niyə də olmasın?” Onun sözlərinə görə, Moskva görüşə hazırdır, lakin vaxt barədə heç bir razılıq yoxdur.
Bununla belə, Musavat.com xatırladır ki, Donald Tramp sonuncu dəfə Vladimir Putinlə telefon danışığından sonra açıq şəkildə narazılıq ifadə edib və Budapeşt görüşünü ləğv etdiyini bəyan etmişdi. Tramp həmin açıqlamasında sammitin “heç bir mənası olmadığını”, Rusiya ilə bu formatda görüşün Vaşinqton üçün əlavə dividendlər yaratmadığını demişdi. Bundan dərhal sonra ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar paketinin işlənməsi təklifini gündəmə çıxarmışdı.
Bu mənada Lavrov və Uşakovun ardıcıl şəkildə sammitin mümkünlüyündən danışmaları Kreml tərəfindən Trampa ünvanlanmış “gəl görüşək” mesajı kimi qiymətləndirilir. Rusiya tərəfi mövcud gərginlik fonunda Putin–Tramp təmasını Moskva üçün siyasi baxımdan önəmli hesab edir, Vaşinqton isə yeni münasibət formatına keçməzdən əvvəl Rusiyadan konkret addımlar tələb edir.


























