LAÇINDAN DÜNYAYA AÇILAN NÖVBƏTİ UĞURLU PƏNCƏRƏ!
Mayın 28-də Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü təkcə siyasi və iqtisadi əməkdaşlığın deyil, eyni zamanda sarsılmaz dostluğun və qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan, Türkiyə və Pakistan liderlərini bir araya gətirən də məhz budur. Azərbaycanın müstəqilliyi günündə hər üç qardaş ölkə rəhbərinin birgə görüşü çox mətləblərdən, gələcəyə hesablanmış qarşılıqlı münasibətlərdən xəbər verir.
Ölkələrimizin, xalqlarımızın tarixi əlaqələrinin kökündə dayanan mənəvi, iqtisadi, siyasi yaxınlıq, doğmalıq daim ölkələrimizin siyasətində başlıca prinsip olmuşdur. Azərbaycan xalqı bunu 44 günlük Vətən müharibəsində gördü və heç vaxt unutmayacağı duyğuları yaşadı. Daim yanımızda olan, bizə siyasi və mənəvi dəstək verən Türkiyə və Pakistan dövlətləri və xalqları nümunəvi əməkdaşlıq modeli sərgilədilər. Laçın rayonu Azərbaycanın 2020-ci ildə uğurla başa çatdırdığı Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdən biridir. Bu bölgə coğrafi baxımdan Qarabağın əsas qapısı hesab olunur. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur. Azərbaycan Laçında beynəlxalq liderləri qəbul etməklə həm qələbəsinin legitimliyini nümayiş etdirirdi, həm də bölgədəki yeni status-kvonun dəyişməz olduğunu vurğulayır. Dünya dövlətləri və onların liderləri Türkiyə Azərbaycan və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında cənab Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələdə cənab İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olması, eyni ilə Pakistanla Hindistanın hərbi toqquşmada ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi idi. Eyni zamanda, Azərbaycan bu görüş vasitəsilə beynəlxalq aləmdə diplomatik təsirini gücləndirmək, müttəfiqlərinin dəstəyini nümayiş etdirmək və regiondakı lider mövqeyini möhkəmləndirmək niyyətindədir. Ermənistanla normallaşma prosesi fonunda Azərbaycan müttəfiq ölkələrlə birgə mövqeləri koordinasiya etməklə öz manevr imkanlarını artırmağa çalışır. Azərbaycan, Türkiyə və Pakistan – hər üçü müxtəlif coğrafiyalarda yerləşsə də, ortaq tarixi miras və mədəni kodlarla bağlıdır. Bu bağlılıq təsadüfi deyil, mənəvi bağların, ədəbiyyatın, dinin və ortaq dəyərlərin yaratdığı birliyin təzahürüdür. Laçında keçirilən Zirvə görüşü, mədəni əlaqələrin siyasi dialoqa necə güc verdiyini bir daha sübut etdi. Cənab Prezident İlham Əliyev bu reallığı belə ifadə etdi: “Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.” Bu cümlə, mədəniyyətin sadəcə estetik vasitə deyil, millətlərin ruhunu yaşadan və gələcək nəsilləri formalaşdıran strateji alət olduğunu göstərir. Yumşaq güc– yalnız filmlər, musiqilər və muzeylərdən ibarət deyil. Bu, xalqın hekayəsini, haqqın səsini dünyaya çatdırmaqdır. Azərbaycanın bu sahədə təşəbbüskar rolu artdıqca, onun mədəni-tarixi təsir dairəsi də genişlənir. Türk dünyasının simvolik şəhərləri – Bakı, İstanbul və Lahor – artıq mədəniyyətin diplomatiya vasitəsinə çevrildiyi qlobal mərkəzlərdir. Azərbaycan, Türkiyə və Pakistan arasında mədəni inteqrasiya, yalnız bu üç ölkənin deyil, ümumilikdə türkdilli və İslam dünyasının gələcəyi üçün ümid rəmzinə çevrilir. Çünki mədəniyyət ordu ilə yox, qəlblə yürüdülən səfərdir. Bu səfərdə biz ortaq tarix, ortaq ruh və ortaq gələcək uğrunda bir yerdəyik.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev