Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.
Hər bir müstəqil dövlətin dayağı, onun idarəçilik və hüquq sisteminin əsasını təşkil edən sənəd – Konstitusiyadır. Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, dövlətin suverenliyini və azad cəmiyyətin hüquqi əsaslarını təsbit edən müqəddəs sənəddir. 12 noyabr tarixi isə bu dəyərli sənədin – Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edildiyi gün kimi tariximizə qızıl hərflərlə yazılıb.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın dövlətçiliyinin formalaşmasında mühüm mərhələ oldu. Bu sənədin qəbulu xalqımızın azadlıq, ədalət və demokratik dövlət quruculuğu yolundakı iradəsini bir daha təsdiqlədi.
Konstitusiyanın hazırlanması və qəbul prosesi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, dərin hüquqi təfəkkürünün və dövlətçilik təcrübəsinin nəticəsi idi. Məhz onun rəhbərliyi ilə hazırlanan bu sənəd müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi inkişafının bünövrəsini qoydu. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində həm milli dövlətçiliyin yaradıcısı, həm də onun hüquqi əsaslarını müəyyənləşdirən böyük lider kimi əbədiləşdi.
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, dövlət hakimiyyətinin bölünməsi prinsipləri, hüquqi dövlətin əsasları aydın şəkildə əks olunub. Bu sənəd həm də Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini, sülh, ədalət və bərabərlik kimi ali dəyərlərə bağlılığını təsdiqləyir.
Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın müddəaları həyatın bütün sahələrində gerçəkləşir. Müstəqil Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf edir, vətəndaşların hüquq və azadlıqları etibarlı şəkildə qorunur.
Azərbaycan Respublikasının Konstitusiyası bizim milli qürur mənbəyimiz, dövlətçiliyimizin hüquqi təməl daşıdır. Onu qorumaq və ona hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur.
Ulu Öndər Heydər Əliyevin yaratdığı bu hüquqi əsaslar üzərində Azərbaycan bu gün güclü, müstəqil və sabit bir dövlət kimi addımlayır. Konstitusiya – dövlətimizin sabitliyinin, xalqımızın azad iradəsinin və müstəqilliyimizin təminatıdır.
Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin müəllimi




















