image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e742d52e235fc59db963bc230e7fe3b4

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır

image-legitimaz-810x90

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır

Bu gün əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyasının qəbulu Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısında tarixi xidmətlərindən biridir. Ümummilli Liderimiz Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etmiş, onun müasir dəyərləri özündə ehtiva edən formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Bu ümummilli əhəmiyyətli sənədin 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbulu Azərbaycan dövlətçiliyinin inkişafı tarixində yeni səhifənin başlanğıcını qoymuşdur. Konstitusiyanın qəbul edilməsi sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də ölkəmizin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ siyasi sistemin mərkəzində insanın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. İnsanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər kimi qəbul olunması ölkə Konstitusiyasının əsas qayəsini təşkil edir. Konstitusiyanın Preambulasında Azərbaycan xalqının özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq və suveren hüququndan istifadə edərək bəyan etdiyi ülvi niyyətləri sadalanır. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək xalqımızın niyyətləri sırasında bəyan edilmişdir.

Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik akt olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir. Ölkə Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Bunların sırasında insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və digər prinsip və dəyərlər xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Azərbaycanın konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Konstitusiyada nəzərdə tutulur ki, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edib, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit edib.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki