“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəyliyi daha da artıracaq
Azərbaycan Respublikasının dövlətçiliyinin əsas prinsiplərindən biri suverenlik və konstitusiya hakimiyyətidir. Suverenlik bir dövlətin müstəqil siyasət yürütmək, daxili və xarici işlərini sərbəst şəkildə tənzimləmək hüququnu ifadə edir. Bu anlayış müasir beynəlxalq münasibətlər sistemində də əsas əhəmiyyətə malikdir. Konstitusiya isə dövlətin hüquqi əsaslarını, idarəçilik mexanizmini və vətəndaşların fundamental hüquqlarını tənzimləyən əsas qanundur. Cənab Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Beləliklə, Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Bu gün Azərbaycan tam müstəqil, suveren dövlət kimi istər siyasi arenada, istərsə də beynəlxalq aləmdə söz sahibidir. Dövlət suverenliyimizin qazanılması müasir Azərbaycan dövlətçiliyinin siyasi fəlsəfəsini və hüquqi legitimliyini təcəssüm etdirən mühüm mərhələdir və bu, 200 ildən sonra xalqımızın əldə etdiyi ən böyük nailiyyətdir. Dövlət Suverenliyi Günü xalqımızın müstəqillik əzmini, dövlətimizin siyasi iradəsini və beynəlxalq arenada qazandığı mövqeyi təsdiq edir. Suverenlik Azərbaycan xalqının milli sərvətidir və onun qorunması gələcək nəsillərin ən ali vəzifəsidir. Dövlət suverenliyinin təmin olunması ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın aparıcı aktoruna çevrilmişdir.
“Konstitusiya və Suverenlik İli” sadəcə bir yubiley tədbiri deyil; bu, Azərbaycan xalqının dövlətçiliyə, hüquqa və milli suverenliyə verdiyi dəyərin ifadəsidir. Bu ilin çərçivəsində həyata keçirilən tədbirlər həm keçmişi xatırlamağa, həm də gələcəyə hüquqi əsaslarla baxmağa imkan verir. Bu təşəbbüs milli həmrəyliyin, hüquqi düşüncənin və demokratik dəyərlərin gücləndirilməsi baxımından mühüm bir mərhələdir. Azərbaycanın hüquqi və siyasi inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu il ərzində atılan addımlar təkcə cari dövr üçün deyil, həm də gələcək nəsillər üçün möhkəm hüquqi baza formalaşdıracaq. Eyni zamanda cəmiyyətin hüquqi maarifləndirilməsi üçün mühüm fürsətdir. Hüquqi maarifləndirmə tədbirləri, ictimai müzakirələr və təbliğat kampaniyaları vasitəsilə hüquq mədəniyyətinin inkişafı təmin olunur. Bu, təkcə keçmişi anmaq deyil, həm də gələcək hüquqi davranış modellərinin formalaşdırılması məqsədi daşıyır. Konstitusiyanın və suverenliyin qorunması yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın üzərinə düşən ümummilli vəzifədir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub. Zənnimizcə, düşüncə tariximizdə dönüş nöqtəsi olan Vətən müharibəsində qələbədən, suverenliyin tam bərqərar edilməsindən sonra 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması əslində suverenlik, ərazi bütövlüyü və Əsas Qanunda nəzərdə tutulan prinsipləri fərd olaraq hər birimizin daha dərindən dərk etməsi, bu dəyərlər uğrunda şücaət göstərmiş, mübarizə aparmış şəxslərin xatırlanması və bu dəyərlərin qorunması üçün üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirmək məqsədilə verilmiş göstəriş kimi qəbul edilməlidir. Əminik ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəyliyi daha da artıracaq, yeni hüquqi, iqtisadi prioritetlərin dəqiqləşdirilməsi, konstitusion dəyərlərin yeni qlobal çağırışlar əsasında realizəsinin təmin edilməsi baxımından faydalı olacaqdır. Cənab Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq. Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.
Saatlı rayon Statistika idarəsinin rəisi,
YAP Saatlı rayon təşkilatı
11 saylı Ərazi Partiya Təşkilatının sədri
Rövşən İsayev