Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq
Dünyada analoqu olmayan Xocalı soyqırımından 34 il keçir. Bu faciə işğalçı Ermənistanın ölkəmizə qarşı başladığı müharibənin ən dəhşətli səhifəsi, insanlığa qarşı ən böyük cinayətidir və heç vaxt yaddaşlardan silinməyəcək. Bütövlükdə, xalqımıza qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində analoqu olmayan vandalizm aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Dinc, günahsız insanların kütləvi qətliamı beynəlxalq aləmdə həmişə hiddətlə qarşılanıb. Xocalı soyqırımını törədən erməni faşistləri də tarixin ədalət məhkəməsindən qurtula bilmədilər və layiqli cəzalarını aldılar.
Prezident cənab İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə Xocalı soyqırımının ildönümünü məhz Xocalıda xocalılarla birlikdə keçirməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir. Həmin gün Xocalıda Soyqırımı Memorial Kompleksinin açılışı isə ədalətin təntənəsidir. Soyqırımı Kompleksinin təməli dövlət başçımızın iştirakı ilə Xocalı sakinləri ilə birlikdə iki əvvəl qoyulmuşdu. Kompleksin layihəsi Heydər Əliyev Fondu tərəfindən çoxdan hazırlanmışdı. Hətta bu layihəni reallaşdırmaq üçün Bakıda yer də seçilmişdi. Lakin dövlətimizin başçısının bu kompleksin məhz Xocalıda tikilməsini planlaşdırması böyük siyasi əhəmiyyət kəsb edirdi. Memorial Kompleksin açılış mərasiminin Xocalı soyqırımının ildönümündə məhz Xocalıda keçirilməsi xüsusi siyasi əhəmiyyətə malikdir. Bu tarixi hadisə və Soyqırımı Kompleksi xalqımızın silinməz yaddaşının təcəssümü olacaq. Dünya ictimaiyyətinin Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunu gördü və kompleksin açılışında Xocalı sakinlərinin də iştirakı tarixi Qələbəmizin növbəti töhfəsidir. Öz yaxınlarını, doğmalarını, yurd-yuvasını itirən, ata-baba diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsin və dözdülər də. Çünki onları saxlayan dövlətimizə, onun liderinə, ordumuza, ədalətə olan inam idi. Bu inamın nəticəsini Azərbaycanın ərazi bütövlüyünün bərpasında, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının əzəmətlə dalğalanmasında görürük.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini























