Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşı Əli Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
32 yaşlı Beyləqan rayon sakini Əli Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri ilə – Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirli bilinib.
Xeberaz.info xəbər verir ki, cinayət işinin materiallarına görə, Əli Məmmədov 2022-ci ilin martında Ukraynanın paytaxtı Kiyevdə silahlı dəstələrin tərkibinə qoşulub. O, taktiki döyüş hazırlığında iştirak edib, döyüş postlarının mühafizəsini həyata keçirib və həmin ilin avqust ayına qədər silahlı birləşmənin tərkibində xidmət göstərib. Bu əməlinə görə Ukraynada cinayət məsuliyyətinə cəlb olunmayıb. Əli Məmmədov bu ilin yanvar ayında Azərbaycanda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə təqsirini tam etiraf edən Əli Məmmədov bildirib ki, ilk dəfə 2017-ci ildə işləmək məqsədilə Ukraynaya gedib və 2021-ci ilə qədər Kiyevdə bazarda fəhlə, daha sonra meyvə alqı-satqısı ilə məşğul olub. Onun sözlərinə görə, Ukraynada miqrasiya qaydalarını pozduğu üçün Azərbaycana qayıtdıqdan sonra ASAN Xidmət vasitəsilə ad və soyadını dəyişib: “Ukraynada uzun müddət qanunsuz qaldığım üçün yenidən gedəndə deport edilməmək məqsədilə ad-soyadımı dəyişdirdim”.
2022-ci ilin yanvarında yenidən Odessa üzərindən Kiyevə qayıdan Əli Məmmədov müharibənin başlaması ilə tamamilə fərqli vəziyyətlə üzləşdiyini deyib. Dediyinə görə, müharibənin ilk günlərində işlədiyi bazar bağlanıb, bank sistemi fəaliyyətini dayandırıb, Azərbaycana qayıtmaq isə mümkünsüz olub.
Daha sonra o bildirib ki, mart ayında Ukrayna hərbçiləri 10-15 nəfər azərbaycanlıya AK-74 avtomatları paylayıblar: “Silahların nömrələrini qeyd etdilər. Təxminən 10 gün sonra bizə hərbi forma verdilər. Sonra bizi Kiyevdə yaradılmış döyüş postuna apardılar. İki saatdan bir növbə çəkirdik. Yemək və geyimlə təmin olunmuşduq. Həmin müddətdə hərbi və fiziki hazırlıq keçmişəm”.
Əli Məmmədovun ifadəsinə görə, 2022-ci ilin mart-avqust aylarında Kiyevdə döyüş postunda xidmət edib. Həmin dövrdə şəhər intensiv raket və aviazərbələrə məruz qalırdı. O, ifadəsində, həmçinin, bildirib ki, onunla birlikdə təlimlərdə iştirak edən azərbaycanlılardan biri də Səid Hüseynov olub. Səid Hüseynov daha sonra rəsmi müqavilə bağlayaraq ön cəbhəyə – Xerson istiqamətinə yollanıb və bir müddət sonra döyüşlərdə həlak olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əli Məmmədovu Cinayət Məcəlləsinin 279.1-ci maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət tərəfindən nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak cinayət məsuliyyəti yaradır. Bu norma xarici ölkələrin ərazisində fəaliyyət göstərən belə silahlı qruplarda iştirak edən Azərbaycan vətəndaşlarına da şamil olunur.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəfdə müxtəlif səbəblərlə döyüşlərə qoşulan Azərbaycan vətəndaşları arasında həlak olan, yaralanan, itkin düşən və əsir götürülən şəxslər barədə dəfələrlə məlumat yayılıb. Əli Məmmədovun cinayət işi həmin münaqişədə iştirak edən Azərbaycan vətəndaşlarının ölkəyə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunmasının növbəti nümunələrindən biri kimi diqqət çəkir.


























