Rusiya ordusu bütün cəbhə boyu hücumdadır
Son günlərdə Ukrayna cəbhəsində Rusiyanın üstünlüyü müşahidə olunmaqdadır. Xüsusilə Pokrovsk şəhəri uğrunda daha ağır savaş gedir və yayılan məlumatlar göstərir ki, bu ərazi tam şəkildə işğalın bir addımlığındadır.
Ukraynalı mənbələrin məlumatına görə, Rusiya ordusu yaxın həftələrdə iki mühüm şəhəri ələ keçirməyi planlaşdırır, bunlardan biri yuxarıda qeyd etdiyimiz kimi, Pokrovskdirsə, digəri Kupyanskdır.
Bildirilir ki, hazırda Pokrovskin cənub və cənub-qərb hissəsi Rusiya qüvvələrinin nəzarətindədir. Şəhərin mərkəzi “boz zona” kimi qalır, yəni hər iki tərəf üçün təhlükəli və qeyri-sabit bölgədir. Şimal hissəsini isə Ukrayna ordusu hələlik qorumaqda davam edir.
Eyni zamanda Kupyansk istiqamətində Rusiya qoşunları şimal və qərbdən hücuma keçib, Kupyansk-Çuquyev magistral yoluna çıxış əldə etməyə çalışır. Ukrayna kəşfiyyatının məlumatına görə, bu bölgədə təxminən 70 min rus hərbçisi cəmləşdirilib.
Ekspertlər vurğulayır ki, Pokrovskin işğalı Rusiyanın Ukraynada son iki ildə əldə edəcəyi ən böyük uğur ola bilər. Bu, rus qüvvələrinin şimal və qərbə doğru irəliləməsinə imkan yaradaraq, Donbasdakı Ukrayna Silahlı Qüvvələrinin müdafiə mövqelərinə ciddi təhlükə yaradar.
Ekspertlər onu da hesab edirlər ki, Qərb tələb olunan dəstəyi verməsə, Kiyevin vəziyyəti bundan sonra daha da sürətlə pisləşəcək. Çünki indi canlı qüvvə və texnika cəhətdən Ukraynanın Rusiya ilə başabaş dayanması olduqca çətinləşib.
Pokrovsk Ukrayna üçün nə deməkdir? Bu şəhərin işğalı tam şəkildə reallaşarsa, nələr baş verə bilər?

Aydın Mirzəzadə
Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında Ukraynada gedən savaşı əsrin ən böyük faciələrindən biri adlandırıb: “İki qardaş xalqın dövlətləri bu gün qanlı müharibədədir və itkilər günü-gündən artır. SSRİ dağılandan sonra Rusiya ilə Ukrayna arasında bir sıra siyasi və beynəlxalq birlik məsələlərinə fərqli baxışlar formalaşdı. Çox təəssüf ki, bu fərqli baxışlar zaman keçdikcə daha da dərinləşməyə başladı. Tərəflər məsələləri siyasi yolla həll etmək əvəzinə qarşıdurmaya üstünlük verdilər. Bu gün Ukraynanın ərazi bütövlüyü pozulub, onun ərazisinin bir hissəsi işğaldadır. Bu proseslərin sonu görünmür. Hər iki tərəf həm insan, həm də maddi texniki resurslarda böyük itkilərə məruz qalır.
Rusiya-Ukrayna müharibəsi təkcə iki dövlətin ağır problemi deyil, bütövlükdə dünyanın problemidir. Dünyada gedən proseslərə bu savaş çox yaxından təsir edir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və iki dövlət arasında olan münaqişənin dərhal dayandırılmasının, məsələnin həllinin siyasi müstəviyə keçirilməsinin tərəfdarıdır. Artıq dördüncü ildir ki, müharibə davam edir, dünya bu savaşın dayandırılması üzərində baş sındırır. Müharibə dayanmasa, çox təəssüflər olsun ki, Rusiya ilə Ukrayna arasındakı problemin həlli mümkünsüz görünür”.

Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd Rusiya-Ukrayna müharibəsinin son bir ay ərzində daha şiddətli mərhələyə keçdiyini bildirib: “Bunun əsas səbəbi Rusiyanın masada istədiklərini ala bilməməsi ilə bağlıdır. Rusiya tərəfi düşünürdü ki, masada Ukraynanın silahsızlaşdırılmasına nail olacaq, bundan əlavə, Donbas vilayətini tamamilə Ukraynadan alacaq. Ancaq Ukrayna tərəfi Avropadan olan dəstəkçiləri ilə müharibəni davam etdirməyə qərar verdi. Rusiya hücumlarının kəsərini bir qədər də artırmağa qərar verərək, sahədə qazanmaqdan başqa yolunun qalmadığını anladı. Ona görə də Putin Pokrovskin götürülməsi əmrini verib. Pokrovsk istiqamətində ağır döyüşlər gedir. Rusiya ordusu üstünlük əldə edə bilib. Bundan əlavə, Rusiya ordusu Zaparojye istiqamətində də irəliləməkdədir. Ukrayna tərəfi rəsmi olaraq bəyan edib ki, 5 yaşayış məntəqəsindən geri çəkilib. Ukrayna tərəfi Pokrovski geri götürmək üçün əməliyyatlar həyata keçirir. Qüvvələr nisbəti hücumların uğurlu alınmasına mane olur. Ukraynalılar da bildirir ki, qüvvələr nisbəti 1-in 8-ə nisbətində Rusiyanın xeyrinədir.
Rusiya əgər Pokrovsk şəhərini tamamilə işağl edərsə, bundan sonra rusların Kramatorsk və Slavyanski şəhərləri istiqamətinə hücuma keçəcəyi gözləniləndir. Rusiya ordusu artıq bir neçə gündür ki, Kramatorska raketlərdən və dronlardan zərbələr endirir. Kramatorsk və Slavyansk Ukraynanın Donetsk vilayətində nəzarətdə saxladıqları mühüm şəhərlərdir və onlar uğrunda gedən mübarizə həm taktiki, həm də strateji səviyyədə böyük əhəmiyyət kəsb edir. Kramatorsk sənaye və nəqliyyat mərkəzi kimi əhəmiyyətlidir. Slavyansk isə əsas yol və nəqliyyat şəbəkəsi kəsişməsində yerləşir və müdafiə üçün üstün mövqedir.
Ruslar Pokrovskə “Donetskə giriş qapısı” kimi baxırlar. Hesab edirəm ki, Rusiya hücumlarını bir qədər də artıracaq. Rusiya Donbas vilayətinin sərhədlərinə çıxdıqdan sonra əsas hədəf kimi Dnepr, Nikolayev və Odessa istiqamətini əsas götürəcəklər. Çünki Rusiyada keçirilən prezident seçkilərində Putinin əsas təbliğatı məhz Odessa ilə bağlı idi. Fikrimcə, Rusiya təkcə Ukraynanın silahsızlaşdırılmasını istəmir, həm də Ukraynanın dənizə çıxışını tamamilə bağlamaq niyyətindədir. Bunları bacaracaq-bacarmayacaq, o ayrı mövzudur. Ancaq sahədə baş verən hadisələr, Rusiya ordusunun istiqaməti bunu deməyə əsas verir. Müharibə bir qədər də şiddətlənəcək”.


























