Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”.
25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycanın tarixində yalnız bir coğrafi məkanın deyil, bütöv bir dövrün, müqavimətin, işğalın, azadlığın və böyük quruculuq iradəsinin rəmzi kimi qeyd olunur. Zəngin tarixə, bənzərsiz təbiətə, strateji əhəmiyyətə malik olan Kəlbəcər insan yaşayışının ən qədim izlərini daşıyan bölgələrdən biridir. “Kəlbəcər” toponiminin qədim türk mənşəyi – “çay üstündə qala” ifadəsi bu ərazinin həm təbii-coğrafi mövqeyini, həm də erkən müdafiə sistemlərində tutduğu yeri xarakterizə edir. Tərtər çayı boyunca qayalarda cərgə ilə düzülmüş süni mağaralar, 30 min ildən artıq yaşı olan qədim yaşayış məskənləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbası nümunələri bölgənin arxeoloji və etno-mədəni dəyərinin miqyasını təsdiqləyir. Kəlbəcərdəki daş abidələr Şimali Azərbaycan ərazisində qədim türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən etibarən İslamın yayılma mərhələlərinin canlı şahididir. Azərbaycanın ən hündür dağ rayonlarından olan Kəlbəcər səciyyəvi dağlıq relyefi, sıx meşəlikləri və strateji yüksəklikləri ilə seçilir. Ərazinin mühüm coğrafi mövqeyi onu həm hərbi-strateji baxımdan, həm də təbii resursların istifadəsi baxımından mühüm məkan edir. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilmiş, işğala qədər burada 53 mindən çox əhali yaşayırdı. 3054 kvadratkilometrlik ərazidə şəhər, qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğalı bölgənin tarixində ən ağır səhifələrdən biri oldu. İşğal zamanı yüzlərlə dinc sakin qətlə yetirildi, onlarla insan əsir və itkin düşdü, rayonun əhalisi Azərbaycanın 56 rayonunda 770 yaşayış məntəqəsinə səpələnərək müvəqqəti məskunlaşmağa məcbur oldu. Kəlbəcərin tarixi-mədəni irsi, sosial infrastrukturu, təhsil və səhiyyə sistemi, muzeyləri, kitabxanaları, yaşayış fondları, təsərrüfatları, minlərlə yaşayış evi, məktəb, mədəniyyət ocaqları məhv edildi və talan olunaraq Ermənistan ərazisinə daşındı. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən dərhal çıxarılmasını tələb etsə də, bu tələb uzun illər boyu yerinə yetirilmədi. Eyni zamanda Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti bölgədə demoqrafik vəziyyəti dəyişmək məqsədi daşıyırdı ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi.
2020-ci ildə Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi yaratdı. Müharibənin ilk günlərindən etibarən Kəlbəcərin şimal istiqamətində strateji yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən azad edilməsi düşmənin bu istiqamətdə manevr imkanlarını məhdudlaşdırdı və Basarkeçər–Kəlbəcər yolundan istifadəni demək olar ki, mümkünsüz etdi. Strateji və taktiki planlamanın, hərbi gücün və siyasi iradənin vəhdəti sayəsində əldə edilmiş böyük Qələbə nəticəsində imzalanmış 10 noyabr Üçtərəfli Bəyanata əsasən Kəlbəcər 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Kəlbəcərin azad olunması ilə başlayan genişmiqyaslı quruculuq dövrü Azərbaycan dövlətinin postmünaqişə mərhələsində həyata keçirdiyi ən böyük layihələrdən biridir. Həyata keçirilən işlər arasında “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” xüsusi yer tutur. Yeni inkişaf konsepsiyasına əsasən şəhərin ərazisi 130 hektardan 290 hektara qədər genişlənəcək, əhalisi isə 17 min nəfərə çatdırılacaq. Müasir məhəllələr, fərdi evlər, çoxmənzilli binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, reabilitasiya mərkəzləri, muzeylər, müxtəlif sosial və iaşə obyektləri ilə funksional şəhər modeli yaradılır. Yaşıllıq payının 33 m² ilə ölkə üzrə ən yüksək göstəriciyə malik olması Kəlbəcəri ekoloji cəhətdən nümunəvi şəhərlərdən birinə çevirəcək.
Dərya Əhmədova – Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru



















