Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir
1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Camış dağındadır. Burada ərazinin çox hissəsini meşəlik təşkil edir. Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir. 1988-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. İşğala qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumuna dözə bilmədi, işğal olundu. Bu fürsəti əldən buraxmayan düşmənlər ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Beləliklə, 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olundu. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə insan şikəst oldu. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yeriə yetirilmədi..
2020-ci il 10 noyabr tarixli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Ermənistan əhalisi məğlubiyyətlə barışa bilməyərək bölgədə ekoloji terror həyata keçirmişlər. Nəhayət, 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu bir güllə belə atılmadan işğaldan azad edildi.
Vüsalə Kərimova – Zərdab şəhər 1 nömrəli məktəb liseyn direktoru




















