Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdabın Şəftəxal kəndində səyyar qəbul keçirib.
”Xeberaz.info” xəbər verir ki, qəbul çox səmimi, məmnunluq şəraitində keçib. Qəbula yazılan kənd camaatı seçicilərinin problemlərini mütəmadi olaraq ali tribunadan dilə gətirdiyinə və bir çoxunun həllinə nail olduğuna görə deputata minnətdarlıqlarını bildiriblər.
Vətəndaşlar Şanlı Qələbəmizə imza atan ölkə rəhbəri, Ali Baş komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırmasını, eyni zamanda onları narahat edən məhəlli və fərdi xarakterli problemlərinin həllində yardımçı olmasını millət vəkili Jalə Əliyevadan xahiş ediblər. Qəbulda fərdi xarakterli müraciətlər də səsləndirilib. Seçicilər işlə təmin, özünəməşğulluq proqramının tətbiqi, sosial müavinətlərin verilməsi, əlillik dərəcəsinin müəyyənləşdirilməsi və s. kimi məsələlərin həllində köməklik göstərməsini deputatdan xahiş ediblər.
Jalə Əliyeva digər məsələlərin həlli üçün rayon və respublika səviyyəli əlaqədar qurumlara müraciət edəcəyini seçicilərinə bildirib.
”Xeberaz.info” Vüqar Rəhimov