İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir
Azərbaycan-İtaliya münasibətləri bu gün qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında enerji, iqtisadiyyat, sənaye, mədəniyyət, təhsil, hərbi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin güclənməsi xalqlarımızın rifahına xidmət etməklə yanaşı, regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb edir. İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri bu münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün mühüm tarixi hadisədir. Səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar bir daha göstərdi ki, Rəsmi Roma və Bakı arasında əməkdaşlıq ikitərəfli müstəvidə və Avropa miqyasında strateji xarakter daşıyır. Əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və burada İtaliya xüsusi tərəfdaş kimi ön plandadır. Cənub Qaz Dəhlizi layihəsi və onun tərkib hissəsi olan TAP boru kəməri vasitəsilə Azərbaycan qazının Avropaya, xüsusilə də İtaliyaya nəqli həm ölkəmizin, həm də Avropa İttifaqının strateji maraqlarına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın qlobal enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir.
Bununla yanaşı, mədəniyyət və təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi xalqlarımız arasında mənəvi körpü rolunu oynayır. İtaliyada Azərbaycan mədəniyyət günlərinin təşkili, eləcə də ölkəmizdə italyan incəsənəti və musiqisinin tanıdılması dostluq münasibətlərini gücləndirən mühüm amillərdəndir. İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri Azərbaycan-İtaliya münasibətlərinə yeni nəfəs verdi. Bu səfər nəticəsində formalaşan yeni əməkdaşlıq platformaları iki ölkə arasındakı dostluğun və tərəfdaşlığın daha da güclənməsinə, xalqlarımızın rifahına, həmçinin regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru