“İstisu” mineral su zavodu
İşğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində reallaşdırılan ən mühüm iqtisadi layihələrdən biri “İstisu” mineral su zavodunun yenidən qurulması və fəaliyyətə başlamasıdır. Kəlbəcərin təbii sərvətləri sırasında xüsusi yer tutan İstisu mineral suları uzun illərdir ki, müalicəvi xüsusiyyətləri və yüksək keyfiyyəti ilə tanınır. Bu potensialın yenidən istifadəyə qazandırılması regionun sosial-iqtisadi inkişafında mühüm mərhələ hesab olunur. “İstisu” brendi Azərbaycan xalqı üçün təkcə iqtisadi deyil, həm də tarixi və mədəni dəyərə malikdir. İşğal dövründə bu ərazinin talan olunması, infrastrukturun tamamilə məhv edilməsi nəticəsində zavod fəaliyyətini dayandırmışdı. Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra burada genişmiqyaslı quruculuq işlərinə başlanıldı və müasir texnologiyalarla təchiz olunmuş yeni istehsal kompleksi inşa edildi. Zavodun yenilənmiş infrastrukturu beynəlxalq standartlara uyğun olmaqla həm daxili, həm də xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmağa imkan verir.
“İstisu” mineral su zavodunun fəaliyyətə başlaması Kəlbəcərin iqtisadi dirçəlişində mühüm rol oynayır. Zavod yeni iş yerlərinin açılmasına, yerli əhalinin məşğulluq imkanlarının artmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə şərait yaradır. Bu, bölgəyə qayıdan əhalinin sosial rifahına və bütövlükdə Qarabağ–Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına ciddi töhfə verir. Eyni zamanda, zavodun fəaliyyəti logistika, daşımacılıq və xidmət sahələrinin də paralel şəkildə inkişafını stimullaşdırır. İstisu mineral suları öz unikal kimyəvi tərkibi ilə dünya üzrə məşhur termal və müalicəvi sularla rəqabət apara bilir. Bu xüsusiyyətlərin elmi şəkildə təsdiqlənməsi və müasir qablaşdırma texnologiyaları ilə bazara çıxarılması ölkənin ixrac imkanlarını genişləndirə bilər. Eyni zamanda, İstisu turizm və sağlamlıq sektorunun inkişafında strateji resursa çevrilir. Mineral su zavodu ilə yanaşı bölgədə kurort komplekslərinin yaradılması, rekreasiya xidmətlərinin təşkili Kəlbəcəri gələcəkdə Qafqazın aparıcı sağlamlıq turizmi mərkəzlərindən birinə çevirəcək.
Beləliklə, “İstisu” mineral su zavodunun bərpası yalnız istehsal müəssisəsinin yenidən qurulması deyil, həm də Kəlbəcərin iqtisadi, sosial və turizm potensialının müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması deməkdir. Bu layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi böyük quruculuq siyasətinin əyani nümunəsi və bölgənin gələcək inkişafının mühüm dayağıdır.
Zərdab rayonu Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva





















