image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17483332761716840294_infoteka-az_7866_647329041dda1

İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi

image-legitimaz-810x90

İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Bu tarixi hadisənin həyatımızdakı yerini və rolunu  heç nə ilə müqayisə etmək olmaz.  Məmmədəmin Rəsulzadənin dediyi kimi, cəmi 23 ay ömür sürsə də, istiqlalımız insanlara hürr yaşamağı, azadlığı daddıra bildi. O hürriyyət, o dad ki, onun şirinliyi heç zaman damağımızdan getmədi. 107 il öncə çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxaraq müsəlman Şərqində ilk demokratik dövlət quran və onun adını dünya tarixinə qızıl hərflərlə həkk etdirən ziyalılarımız, siyasi xadimlərimiz qısa müddət ərzində çox böyük işlər gördülər. İlk parlament yarandı, hökumət formalaşdı, dövlət atributları təsis olundu. Azərbaycan müstəqil dövlətinin dünyada tanınması üçün diplomatik fəaliyyət gücləndirildi. Xalq hakimiyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Dövlət atributları, Azərbaycan vətəndaşlığı təsis olundu. Maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlamasının milli dövlətçilik üçün  böyük əhəmiyyəti var idi. Məhz həmin dövrdə Bakı Dövlət Universiteti yaradıldı, gənclər ali təhsil almaq üçün dövlət hesabına müxtəlif ölkələrə göndərildi,  Milli Ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Təəssüf ki, cümhuriyyətimizin ömrü qısa oldu. Azərbaycan Xalq Cümhuriyyəti  1920-ci ilin aprel ayında bolşeviklər tərəfindən devrilsə də, Azərbaycanı bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silmək mümkün olmadı. Heydər Əliyev çıxışlarının birində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Bu müddətdə beş dəfə hökumət təşkil olun­muşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları lazım olan səviyyədə fəaliyyət göstərə bilməmişdir. Ancaq bununla yanaşı, onlar öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmiş və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yaz­mışlar. Azərbaycan xalqı 70 il ərzində böyük məşəqqətlər, itkilər hesabına da olsa, milli mənlik şüurunun ölməsinə imkan vermədilər. Bu müddət ərzində mühacirət ömrü yaşamağa məcbur olan ziyalılarımız xarici ölkələrdə Azərbaycanın müstəqilliyi naminə təşkilatlandılar, dərnəklər, mətbu orqanlar təsis etdilər. Məhz XX əsrin 60-80-ci illərində Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə milli məfkurənin yaşaması üçün mühüm addımlar atdı. Milli ənənələrin bərpası və yaşaması üçün gördüyü işlər əvəzsiz idi.   Bu müqəddəs mübarizələr öz nəticəsini gec də olsa verdi. 70 ildən sonra yenidən ayağa qalxdı, haqqını tələb etdi, qanı-canı bahasına azadlığınını, müstəqilliyini təmin etdi və yenidən əsrin sonunda müstəqilliyinı qovuşdu, demokratik Azərbaycan dövləti quruldu. 1991-ci ilin 18 oktyabrında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib”.

İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki