image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-qubadl3

İşğalın acı fəsadları

image-legitimaz-810x90

İşğalın acı fəsadları.

  Qubadlı Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Ermənistanla sərhəd regionudur. Qubadlının strateji rolu bu ərazinin keçmiş DQMV rayonlarından Hadrut və Ermənistan arasında yerləşməsi idi Regionun əsas kommunikasiya mərkəzi Laçına yaxınlığı, eləcə də Ermənistanın digər əraziləri ilə əlaqəsini təmin edən yolun bölgədən keçməsi səbəbi ilə böyük əhəmiyyəti var idi. 1992-ci ilin ilk ayları Qubadlı üçün ağır başladı. Fevralın 19-da Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak oldu, 20 nəfər yaralandı. Həmin gün Məlikəhmədli kəndində gedən döyüşlərdə Azərbaycan Ordusu Qubadlı istiqamətində ilk şəhidini verdi. Martın 1-də isə Qafan rayonundan Qubadlıya edilən hücumun qarşısı alındı. Lakin may ayında əvvəlcə Şuşa və daha sonra Laçının ermənilərin əlinə keçməsi ilə Qubadlı rayonu 3 tərəfli cəbhə xəttinə çevrildi. Laçının cənubu boyunca irəliləyən erməni qoşunları mayın 19-da Güləbird kəndinin önündə dayandırıldı. 1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan ordusu Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib, Muradxanlı kəndinə daxil oldu. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutdu və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçdi. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlı sakinlərinin ərazini tərk etməkdən başqa çarəsi qalmadı. Rayon uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Ümumililikdə isə Qubadlı 230 şəhid verib, 146 nəfər əlil olub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Qubadlı torpağı Vətənimiz üçün neçə-neçə adı dillər əzbəri olan qəhrəmanlar, əmək bahadırları, dövlət xadimləri, alimlər, yazıçılar, şairlər, mühəndislər, hüquqşünaslar, idmançılar, mədəniyyət işçiləri, siyasətçilər və s. yetirmişdir. Bu torpaq tarixin müxtəlif döngələrində yetirdiyi mərd insanlara – Qaçaq Nəbi, Həcər, Çingiz İldırım, Qaçaq Baba, Firudin bəy, Qoçu Təhməz, Şahsuvar bəy, Şəmil bəy, Bəhlul Əfəndi və neçə-neçə qorxmaz övladları ilə haqlı olaraq fəxr edir. Görkəmli partiya, dövlət və ictimai xadimlərdən Xəzər Heydərov, Arif Heydərov, Kamran Hüseynov, Məmməd İsgəndərov, Göyüş Məmmədov, Cahanbaxış Abdullayev, Valeh Bərşadlı, Qəzənfər Məmmədov, Misir Cabbarov, Ələkbər Abdullayev və daha neçə-neçə adını çəkmədiyim tanınmış şəxsiyyətlər Qubadlı torpağının yetirmələridir. Bəli, Qubadlını qoruyan, onun yolunda şəhid olan oğullar dünən də olub, bu gün də var, sabah da olacaq.

 

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta ümumtəhsil Məktəbinin müəllimi Rəhilə Xəlilova.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki