İşğaldan azad edilmiş rayonlarımız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması və bərpasıdır. Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın ən genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirildiyi əsas bölgələrə çevrilib. Uzun illər işğal, dağıntı, talan və vandalizmə məruz qalan bu ərazilər indi yeni inkişaf mərhələsinə qədəm qoyub. Viran edilmiş şəhər və kəndlərin yerində müasir yaşayış məntəqələri salınır, infrastruktur yenidən qurulur, sosial və iqtisadi həyat ardıcıl şəkildə canlandırılır. Bu proses təkcə yenidənqurma deyil, həm də tarixi ədalətin bərpası, dövlət gücünün və milli iradənin real təzahürüdür. Azadlığına qovuşmuş ərazilərdə görülən bütün işlər planlı, mərhələli və uzunmüddətli strateji yanaşmaya əsaslanır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın daxili imkanları hesabına maliyyələşdirilir və bu fakt ölkənin iqtisadi dayanıqlılığını açıq şəkildə nümayiş etdirir. Bu miqyasda quruculuq işlərinin qısa müddətdə aparılması yalnız güclü siyasi iradə, səmərəli idarəetmə və milli həmrəylik sayəsində mümkün olub. İşğal dövründə bu torpaqlar məqsədli şəkildə dağıdıldığına görə bərpa prosesinin miqyası daha genişdir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində həmin dövrün acınacaqlı mənzərəsini xatırladaraq deyib: “İşğal dövründə oradakı vəziyyət acınacaqlı idi. Siz hamınız – Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı idi. Hətta mən özüm də dəfələrlə orada olarkən özümə sual verirdim: bəs bu qədər milyonlar, yüz milyonlarla telemarafonlar, – ermənilər hər il yüz milyonlarla pul yığırdılar, – bu pul hara gedirdi? Mən onu orada görmədim”.
İşğaldan azad edilmiş ərazilər yalnız iqtisadi və sosial baxımdan deyil, həm də mənəvi və mədəni baxımdan yenidən dirçəlir. Tarixi abidələrin bərpası gələcək nəsillərə keçmişin dərslərini ötürmək, milli-mənəvi dəyərləri yaşatmaq və bölgəni sülh, tolerantlıq və mədəni müxtəlifliyin məkanına çevirmək məqsədi daşıyır. Bu yanaşma Qarabağın gələcək inkişafının möhkəm mənəvi təməl üzərində qurulduğunu bir daha təsdiqləyir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev






















