image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5845df3521c71c06da204dd2809494ca

İran xaos astanasında: Xamenei 36 ilin ən ağır sınağı ilə üz-üzə

image-legitimaz-810x90

İranda vəziyyət gərgin olaraq qalır. Ölkənin ali rəhbəri, ayətullah Əli Xamenei 36 illik hakimiyyəti dövrünün “ən ciddi böhranı”nı yaşayır. ABŞ-nin artan təzyiqləri, iqtisadi sanksiyalar və ölkə daxilində zorakılıq hallarının artması vəziyyəti daha da mürəkkəbləşdirir.

Xeberaz.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazır.

Agentlik qeyd edir ki, 86 yaşlı lider daha əvvəl də daxili iğtişaşları yatırmağı, siyasi rəqibləri zərərsizləşdirməyi və Qərbə qarşı regional ittifaqlar formalaşdırmağı bacarıb.

Ekspertlərin fikrincə, onun ABŞ-yə qarşı barışmaz mövqeyi artan gərginlik fonunda Tehranın reaksiyasını müəyyən edəcək.

Materialda vurğulanır ki, Xameneinin danışıqları uzatmaq bacarığı və hakimiyyətin bütün qollarına nəzarəti ona xarici təzyiqlər qarşısında mövqeyini qorumağa imkan verib.

Bu arada iranlı deputat Salar Velayətmədar ABŞ hərbçilərinin sahillər yaxınlığında mövcudluğunun müharibənin qaçılmaz olduğu anlamına gəlmədiyini bildirib. O qeyd edib ki, narahatlıq cəmiyyətin yalnız kiçik bir hissəsini əhatə edir və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərinin danışıqlarda iştirakını “ictimai gediş” adlandırıb. Deputatın sözlərinə görə, zərurət yaranarsa, İran əlçatan məsafədə yerləşən hərbi bazaları hədəfə ala bilər.

“CBS” telekanalı xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı mümkün zərbələrə hərbçilərin artıq şənbə gününə hazır olduğu barədə məlumatlandırılıb, lakin yekun qərar hələ verilməyib. ABŞ bölgəyə təxminən 70 hərbi yük təyyarəsi və 50 qırıcı göndərib. Oman körfəzində aviadaşıyıcı zərbə qrupu yerləşdirilib, daha bir qrup isə İsrail sahilləri yaxınlığında, Aralıq dənizində mövqe tutub.

Davam edən nüvə danışıqları fonunda Tehran Vaşinqtonla iqtisadi əməkdaşlıq imkanlarını da istisna etmir. İranın neft naziri Möhsün Paknejad “hər şeyin mümkün olduğunu” bildirib. Xarici işlər nazirinin müavini Həmid Qənbəri isə neft-qaz sahəsində birgə layihələrin, dağ-mədən sənayesinə investisiyaların və təyyarə alışının müzakirə edildiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki