İran Prezidenti Məsud Pəzeşkiyan İsrailin guya Azərbaycan ərazisindən istifadə edərək İrana hücumlar həyata keçirməsi ilə bağlı iddialara son qoyub.
”Xeberaz.info” xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində danışıb:
“Təhlükəsizlik orqanlarımız qonşu ölkələrlə sionist rejim arasında hərbi əməkdaşlıqla bağlı heç bir fakt qeydə almayıb. Bu söz-söhbətlərin əsası yoxdur”, – deyə İran Prezidenti vurğulayıb.
Pəzeşkiyan əlavə edib ki, əksinə, bəzi region ölkələri rəsmi şəkildə İrana dəstək göstərib və ərazilərinin Tehrana qarşı istifadə edilməsinə yol verməyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, bundan əvvəl İran və Ermənistan mətbuatında İsrailin guya Azərbaycan ərazisindən pilotsuz uçuş aparatları və raketlər vasitəsilə İrana zərbələr endirdiyi iddia olunurdu. Lakin bu ittiham artıq İranın birinci şəxsi tərəfindən təkzib olunub.