İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir
İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü bir daha təsdiq etdi ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası düşündüyümüzdən də böyükdür. Xankəndidən yayımlanan möhtəşəm səhnələri seyr etdikcə, daha çox hiss edirsən ki, qalib dövlətin vətəndaşı olmaq həqiqətən böyük xoşbəxtlikdir. Çünki Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədaləti tərənnüm etməklə yanaşı, qürurlu və ləyaqətli xalqın, qüdrətli və qalib dövlətin dünyaya yenidən təqdimatıdır.
Prezident cənab İlham Əliyev Xankəndi Zirvə görüşündəki çıxışı zamanı ali qonaqların diqqətinə bu tarixi həqiqəti də çatdırdı: “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”. Azərbaycan Prezidenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının ötən ay İstanbulda 57 üzv ölkənin yekdil qərarı ilə qəbul etdiyi qətnaməni də xatırladaraq, yüzminlərlə azərbaycanlının intizarına son verilməli olduğunu açıq mətnlə bəyan etdi: “Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”. Erməni revanşistləri bütün bunlardan nə qədər məyus olursa, qardaş və dost ölkələrin liderləri öz sevincini daha açıq şəkildə ifadə edir, həqiqətləri deməklə səmimi mövqelərini ortaya qoyurlar. “Zirvə görüşündən bir gün əvvəl, iyulun 3-də Azərbaycan Prezidenti ilə birgə Ağdamın Xıdırlı kəndinin birinci mərhələsinin açılışda iştirak edən Qırğızıstan Prezidenti Sadır Japarovun sakinlərlə görüş zamanı söylədiyi bu fikir Ali Baş Komandan İlham Əliyevin xalqımız və Türk dünyası qarşısında tarixi xidmətlərinin miqyasına hətta sərhədlərimizdən çox-çox uzaqlarda da verilən yüksək dəyəri təcəssüm etdirir: “Prezidentiniz İlham Heydər oğlu Əliyevi qoruyun. O, düzgün xarici siyasət sayəsində bu torpaqları sizə qaytarıb”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Zirvə görüşü yekunlaşdıqdan sonra hava limanında verdiyi müsahibədə dedikləri elə həmin sevincin, Azərbaycan adına Türk dünyasında yaşanan qürur hissinin növbəti səmimi ifadəsidir: “Xankəndi gələcəyə yönəlik, gerçəkdən, çox-çox gözəl bir görüş yerinə çevrilir. Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında bunun ilk addımını atdıq. Bu münasibətlə mən hörmətli Prezident cənab İlham Əliyev qardaşımı görülən işlərlə bağlı şəxsim və millətim adından təbrik edirəm… Azərbaycan qardaşım İlham Əliyevlə fəxr edə bilər”.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri