İLHAM ƏLİYEV – HUMANSİT LİDER!
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir. Bəzən tarix yalnız savaş meydanlarında deyil, dövlətin verdiyi qərarların mənəvi çəkisində yazılır. Cənab Prezident İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü məhz belə qərarlardandır. Bu təşəbbüs Azərbaycan dövlətinin suverenlik mərhələsindən dövlət müdrikliyi və humanist idarəçilik mərhələsinə keçidinin parlaq rəmzidir. Dövlət artıq cəzanı insanı cəmiyyətdən ayıran deyil, onu yenidən cəmiyyətə qazandıran vasitə kimi dəyərləndirir. Amnistiya təşəbbüsü də bu anlayışın hüquqi müstəvidə təsdiqidir. Bu qərarın Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində gündəmə gətirilməsi isə onun mənəvi yükünü daha da artırır. Bu, minlərlə ailə üçün yeni ilin sevincini, ümidini və barışını gətirən dövlət qərarıdır. Qalibiyyət dövlətə yalnız üstünlük deyil, daha ağır və daha ali bir məsuliyyət yükləyir. Prezident İlham Əliyevin təşəbbüsü açıq şəkildə göstərir ki, Azərbaycan qələbəni intiqam dili ilə deyil, hüquq, vicdan və mərhəmət dili ilə möhkəmləndirməyi seçib. Dövlət cəmiyyətə sübut edir ki, güc tətbiq etmək bacarığı qədər, bağışlamaq iradəsi də dövlətçilik keyfiyyətidir. Bu baxımdan amnistiya aktı təkcə hüquqi sənəd deyil, qalib dövlətin öz vətəndaşı ilə yeni etimad və məsuliyyət münasibətinin təməlidir. Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Buna görə də cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur. Beləliklə, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan cənab Prezident İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.Qeyd etmək lazımdır ki, 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnmişdir. Bu təşəbbüs həm qanunvericilik sahəsində əhəmiyyətli bir addım, həm də cəmiyyətə qarşı humanist və ədalətli münasibətin təzahürü kimi qiymətləndirilir. Amnistiya təşəbbüsü, əsasən, hüquqi sistemin yumşaldılması, cəmiyyətin müxtəlif təbəqələrində barış və etimadın möhkəmləndirilməsi məqsədini daşıyır. Eyni zamanda, bu addım cənab Prezident İlham Əliyevin və dövlətin vətəndaş mərkəzli siyasətinin növbəti ifadəsi kimi çıxış edir və cəmiyyətin sosial həmrəyliyinin gücləndirilməsinə xidmət edir. Belə təşəbbüslər həm də qanunvericilikdə çevik və insanpərvər yanaşmanın göstəricisidir və dövlətin hüquq sisteminə inamın artırılmasına töhfə verir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova

























