İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb və bölgənin aparıcı aktoruna çevrilib.
Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi” sənədi xüsusilə seçilir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.Bu gün iki ölkə arasında iqtisadi əlaqələr müsbət dinamika ilə inkişaf edir. Əgər 2010-cu illərdə ticarət dövriyyəsi cəmi 30 milyon dollar civarında idisə, 2024-cü ilin sonunda bu rəqəm 253 milyon dollara çatıb. Tərəflər qarşıya 1 milyard dollarlıq hədəf qoyublar. Azərbaycan və Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu çərçivəsində bu günə qədər 360 milyon ABŞ dolları dəyərində 15 layihə icra olunub. Bu layihələrə sənaye zonaları, tekstil müəssisələri, kənd təsərrüfatı logistika mərkəzləri və avtomobil yığımı zavodları daxildir. Bakıda Özbəkistan məhsullarının sərgisində 50-dən artıq yerli şirkət iştirak etmiş və daimi “Made in Uzbekistan” pavilyonunun əsası qoyulmuşdur. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində qurulmuşdur. Ölkəmiz bu dəhlizin əsas tranzit mərkəzidir. Ötən il Qazaxıstan-Özbəkistan-Azərbaycan üçtərəfli əməkdaşlığı çərçivəsində yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların təşkili barədə razılıq əldə olunmuşdur. Həmçinin, “yaşıl enerji” və elektrik enerjisi ötürücü xətləri üzrə əməkdaşlıq üçün üçtərəfli memorandum imzalanmışdır.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc