İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq münasibətlərinin inkişafında mühüm mərhələ hesab olunur. Dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlər, mətbuata birgə bəyanatları, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı ölkəmizlə Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar açdı. Bu gün Azərbaycan və İtaliya arasında mövcud olan dostluq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edir. Ümumiyyətlə, Azərbaycanla İtaliya arasında sıx mədəni, siyasi və iqtisadi əlaqələrin əsası Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub. 1997-ci ilin sentyabrında Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün mühüm addım oldu. Səfər nəticəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Məhz həmin tarixi səfərdən sonra qarşılıqlı münasibətlər artan dinamika ilə inkişaf etməyə başladı. Ümumilikdə, Avropa ölkələri arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ölkəmizin daxili işlərinə qarışmayan, qarayaxma kampaniyası aparmayan azsaylı ölkələrdən biri də İtaliyadır. Biz bunu hər zaman İtaliyanın mövqeyində görmüşük, Azərbaycan da bu mövqeyi çox yüksək qiymətləndirir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin daha da inkişafına ciddi töhfələr verəcək. Dövlətlərimiz arasında əlaqələr növbəti illərdə daha da inkişaf edəcək və Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq. Biz bu səfərdə bir çox vacib sənədlərin imzalanmasının da şahidi olduq. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, biz İtaliyaya təkcə qaz deyil, digər milli məhsullarımızı da ixrac edirik. Eyni zamanda, İtaliya da özünün bir çox məhsullarını Azərbaycana ixrac edir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin möhkəmlənməsinə növbəti bir töhfə olacaq və öz müsbət təsirini göstərəcək. Biz İtaliya kimi dövlətlərlə münasibətlərimizi hər zaman qorumalıyıq, daha da inkişaf etdirməliyik. Azərbaycan İtaliya əlaqələri davamlı olaraq inkişaf etməlidir və bunu bu gün cənab Prezident İlham Əliyev edir. Beləliklə, Sercio Mattarellanın bu səfəri Azərbaycan-İtaliya münasibətlərinin çoxşaxəli, intensiv və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyən önəmli hadisə oldu. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb və biz birlikdə gələcəyə addımlayırıq.” Bu səfər göstərdi ki, Azərbaycan və İtaliya yalnız bu günü deyil, sabahı da düşünən tərəfdaşlardır. Onların əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına, beynəlxalq sabitliyə və xalqların rifahına xidmət edir. Azərbaycan və İtaliya dostluğun sınaqlardan keçmiş dayaqları üzərində qurulmuş, gələcəyə ümidlə baxan iki strateji tərəfdaşdr. Azərbaycan və İtaliya əlaqələri bu gün yalnız diplomatik sənədlərdə deyil, tarixdə və gələcəyin yol xəritəsində də öz təsdiqini tapır. Bu münasibətlər dostluğun səmimiyyətindən, strateji tərəfdaşlığın gücündən doğur. İki ölkə arasında qurulan əməkdaşlıq qlobal çağırışlara cavab verən nümunədir – enerji təhlükəsizliyindən tutmuş elmə, təhsilə, mədəniyyətə qədər. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Əgər qarşılıqlı inam və səmimi münasibətlər olmasaydı, bu qədər nəhəng layihələrin icrası mümkün olmazdı.” Bu gün Bakı ilə Roma arasındakı münasibətlər sadəcə iqtisadi maraqların diktəsi deyil, xalqlarımızın ortaq iradəsi və gələcək nəsillərə miras qalacaq bir dostluq nümunəsidir.
Azərbaycan–İtaliya tərəfdaşlığı həm də təkcə iki ölkənin deyil, bütövlükdə Avropanın və regionun sabitliyi, inkişafı üçün güc mənbəyinə çevrilib. Və bu güc bizi daha böyük üfüqlərə aparır. Bu səfərin və bəyanatların verdiyi əsas mesaj birdir: Azərbaycan və İtaliya birlikdə gələcəyə doğru addımlayır. Təbii ki, bu addımlar bizi davamlı inkişaf yoluna, sarsılmaz dostluq və strateji əməkdaşlığın yeni mərhələsinə aparacaq. Cənab Sercio Mattarellanın ölkəmizə səfərində İtaliya-Azərbaycan Universitetinin açılışı tarixi hadisə oldu. Universitetin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalandı. Universitetin binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. İndi 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102 nəfər isə magistr səviyyəsində təhsil alır. İxtisasların üçü ikili diplom proqramıdır. Bu layihə İtaliya təcrübəsindən istifadə edilməklə Azərbaycan təhsilinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir. Ən əsası, İtaliya Prezidentinin Azərbaycana səfəri və aparılan siyasi dialoq ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional balansın qorunması və yeni strateji əməkdaşlıq platformalarının formalaşması baxımından tarixi əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq Azərbaycanın müstəqil xarici siyasət kursunun və qlobal güc mərkəzləri ilə uğurlu balans yaratmaq qabiliyyətinin real nəticəsidir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov