image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17667433742690261205_1200x630

İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk

image-legitimaz-810x90

İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk.

Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə səsləndirdiyi “İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk” fikri müasir Azərbaycan cəmiyyətində idmanın tutduğu strateji və mənəvi mövqeni dəqiq ifadə edir. Bu cümlə təkcə emosional çağırış deyil, eyni zamanda dövlətçilik ideologiyasının, milli kimliyin və vətənpərvərliyin idman müstəvisində təzahürünün konseptual ifadəsidir.

Cənab Prezident çıxışı zamanı qeyd etdi ki, “Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.”

İdman beynəlxalq arenada ölkələrin özünü tanıtması üçün ən təsirli vasitələrdən biridir. Azərbaycan idmançılarının Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları uğurlar ölkəmizin gücünü, intellektual və fiziki potensialını nümayiş etdirir. Dövlət Bayrağının qaldırılması isə bu uğurun simvolik zirvəsidir. Bayraq sadəcə parça deyil — o, xalqın tarixi yaddaşını, müstəqillik iradəsini və gələcəyə olan inamını özündə birləşdirir.

Son illər Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Müasir idman infrastrukturu, regionlarda tikilən Olimpiya İdman Kompleksləri, gənclərin idmana cəlb olunması üçün yaradılan şərait idmançı qələbələrinin təsadüfi olmadığını göstərir. Bu sistemli yanaşma nəticəsində qazanılan hər bir medal təkcə idman nailiyyəti deyil, dövlətin uzunmüddətli strategiyasının uğurlu nəticəsidir.

Prezident İlham Əliyevin fikrində xüsusi diqqət çəkən məqam idmançı ilə xalq arasında yaranan mənəvi bağdır. İdmançının qələbə anında Bayrağı yüksəltməsi milyonlarla insanın eyni anda sevinc yaşamasına səbəb olur. Bu, cəmiyyətdə birliyi möhkəmləndirir, gənc nəsildə milli qürur və vətənə bağlılıq hissini gücləndirir. Belə anlar gənclər üçün canlı motivasiya mənbəyinə çevrilir və onları sağlam həyat tərzinə, əzmkar olmağa sövq edir.

Dövlət Bayrağımızın beynəlxalq arenada dalğalanması Azərbaycanın güclü dövlət, qürurlu xalq olduğunu bir daha dünyaya nümayiş etdirir və bu qürur hissi hər bir azərbaycanlının ürəyində dərin iz buraxır.

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki