Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi.
Ümummilli lider Heydər Əliyev xalqının fəlakətə düçar olduğu, təqib və təzyiqlərə məruz qaldığı bir dövrdə ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gəlib brifinq keçirir və Qanlı Yanvar cinayətinin günahkarlarını, SSRİ rəhbərliyini ittiham edir. Ümummilli lider Heydər Əliyevin brifinqdə çıxışı və Kreml rəhbərliyini ittiham etməsi bütün dünyada sensasiya doğurdu. Ümummilli liderin ittiham nitqi qan içində boğulan Qorbaçov “yenidənqurması” üçün rekviyem oldu. Həmin gün bütün xarici radiosəslər Ümummilli liderdən sitatlar gətirirdi, daimi nümayəndəliyin qarşısına yığılmış xarici müxbirlər isə müsahibə almaq üçün Ümummilli lideri mühasirəyə almışdılar. Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, 20 Yanvar faciəsi totalitar kommunist rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-ya, Respublikanın Ali Sovetinə və Nazirlər Sovetinə teleqramında deyilirdi: “Azərbaycan xalqına! Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən – dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio, televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.” Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmişdi. 1990-cı il yanvarın 22-də xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin 20 Yanvar hadisələri ilə bağlı sessiyası çağırılsa da, respublikanın əksər siyasi və dövlət rəhbərlərinin ora girməməsi öz millətinə qarşı törədilən cinayətdə iştirakın sübutu idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri ümummilli lider belə xatırlayır: “Eşidəndə ki, mənim doğma Vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu Vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”. Seçkilərin elə ilk turunda Ulu Öndər Heydər Əliyev, həm Azərbaycan SSR-in, həm də Naxçıvan Muxtar Respublikasının xalq deputatı mandatını qazanır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin mart sessiyasında öz tarixi çıxışları ilə respublikanın tam müstəqil yaşamaq imkanlarını açıqlamışdı. Azərbaycanın tarixində ilk dəfə olaraq məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti bu qanlı hadisələrə qiymət verir. Ulu öndər Heydər Əliyev “1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilməsi haqqında” qərar layihəsini hazırlayaraq 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edilən qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilir, kütləvi qırğın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Həmin qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında matəm günü kimi qeyd olunması məsələsi də öz əksini tapmışdı.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini




















