image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-65783c2c1962065783c2c19621170237854065783c2c1961e65783c2c1961f-1-780x470

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”

image-legitimaz-810x90

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı. Ulu Öndərin dərin məntiqli nitqi və natiqlik məharəti onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında Ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki