Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünya ölkələrində yüksək səviyyədə qeyd edilməsində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının da rolu əvəzsizdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Təbii ki, Azərbaycan diasporunun formalaşması, xaricdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirməsində ümummilli lider Heydər Əliyevin əməyi, rolu əvəzsizdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan diasporunun bu günkü mərhələyə gəlib çatmasında ümummilli liderin atmış olduğu tarixi addım mühüm əhəmiyyət kəsb edir. Belə ki, Heydər Əliyevin imzaladığı sərəncam əsasında 2001-ci ilin, noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu sahədə dönüş oldu. Qurultayda ümummilli liderin şəxsən iştirak etməsi Onun azərbaycanlıların birlik və bərabərliyinə, həmrəyliyinə nə dərəcədə ciddi diqqət yetirdiyini ortaya qoyurdu.
Bu gün tam əminliklə deyə bilərik ki, dünyada yaşayan azərbaycanlılar həmrəydirlər. Çünki bu işin bünövrəsi sağlam təməllər üzərində qurulub. Ən başlıcası Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə də uğurla davam etdirilir. Bunun bariz nümunəsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin bilavasitə iştirakı ilə Dünya Azərbaycanlılarının 2, 3 və 4-cü qurultaylarının yüksək səviyyədə keçirilməsidir. Məhz bu kimi qurultaylar, toplantılar dünyada yaşayan azərbaycanlıların daha da həmrəy olmasını şərtləndirir, bunu reallığa çevririr. Bu gün artıq əminliklə deyə bilərik ki, keçən illər ərzində biz buna nail olmuşuq.
Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, güclü iradəsi, yenilməz qətiyyəti, şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi nəticəsində möhtəşəm qələbəyə nail olundu. 30 illik Vətən, yurd həsrətinə, nisgilinə son qoyan bu tarixi zəfərin sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Qürur hissi keçiririk ki, bu böyük qələbənin qazanılmasına həmyerlilərimiz də özlərinin layiqli töhfələrini vermişlər.
Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident cənab İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçay




















