Gənclər siyasəti ilə idman siyasətinin vəhdəti
Azərbaycanda idmanın inkişafı gənclər siyasətindən ayrı təsəvvür edilmir. Dövlət gəncləri cəmiyyətin aparıcı qüvvəsi kimi dəyərləndirir və onların sağlam, bilikli, vətənpərvər ruhda formalaşmasını prioritet hesab edir. Bu baxımdan idman intizam, məsuliyyət, liderlik, komanda ruhu kimi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Dövlət xətti ilə həyata keçirilən proqramlar çərçivəsində gənclərin idmana marağının artırılması, kütləvi idman tədbirlərinin təşkili və məktəblərdə idman dərslərinin təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Dövlətin idman siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində etibarlı və nüfuzlu tərəfdaş kimi tanınır. Ölkəmiz mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi etməklə yanaşı, idmançıları da dünya və Avropa miqyaslı yarışlarda uğurla təmsil olunur. Bu uğurlar təsadüfi deyil, uzunmüddətli dövlət siyasətinin məntiqi nəticəsidir.
Beynəlxalq arenada qazanılan nailiyyətlər Azərbaycanın müasir dövlət olduğunu, təşkilatçılıq qabiliyyətini, idmana verdiyi önəmi aydın şəkildə nümayiş etdirir. İdmanın inkişafı sosial rifahın yüksəldilməsinə birbaşa təsir göstərir. Dövlətin bu sahəyə yatırdığı investisiyalar uzunmüddətli perspektivdə əhalinin sağlamlığının qorunmasına, səhiyyə xərclərinin azalmasına, aktiv və məhsuldar cəmiyyətin formalaşmasına xidmət edir.
Sağlam cəmiyyət isə güclü dövlətin əsas dayaqlarından biridir. Bu baxımdan idmana yönəldilən dövlət siyasəti strateji düşüncənin real təzahürüdür.
Beləliklə, Azərbaycanda idmanın inkişafı sadəcə bir sahənin tərəqqisi deyil, dövlət siyasətinin kompleks və məqsədyönlü istiqamətidir. Dövlət xətti ilə icra olunan proqramlar, yaradılan infrastruktur, gənclərə göstərilən diqqət və beynəlxalq uğurlar bu siyasətin real nəticələridir. İdman Azərbaycanda milli inkişaf modelinin ayrılmaz hissəsinə çevrilmiş, sağlam gələcəyin təminatçısı kimi formalaşmışdır.
Bu siyasətin davamlılığı isə ölkənin həm sosial, həm də strateji baxımdan daha güclü olmasını şərtləndirir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Əlibəyli kənd orta ümumtəhsil məktəbinin direktoru






















