image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d442c134-98f4-4549-8545-dd700d55e7cf

Gələcək münasibətlərin məzmunu

image-legitimaz-810x90

Gələcək münasibətlərin məzmunu.

Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə də adlandırmaq olar. Ötən əsrin əvvəllərində azərbaycanlıları erməni daşnaklarının soyqırımından xilas edən Qafqaz İslam Ordusunun qəhrəmanlıqlarını hər zaman dəyərləndirən xalqımız həmin hadisələrdə həlak olan türk əsgərlərinin xatirəsini daim əziz tutur. Bunun başlıca səbəbi hər iki xalqın biri-birinə qırılmaz tellərlə bağlı olmasıdır. Siyasi hakimiyyətlərdən asılı olmayaraq bu qardaşlıq xalqların simasında möhkəmlənmiş, bərkimişdir. Ötən əsrin sonlarında hər iki qardaş arasında davam edən münasibətlər Ulu Öndər Heydər Əliyevin aforizmə çevrilən «Bir millət, iki dövlət» deyimini təsdiqləməklə ümumtürk birliyinin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətərindən olduğunu reallaşdırdı. Ulu Öndər türkdilli dövlətlərlə münasibətlərin gücləndirilməsinə üstünlük verərək faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək , beynəlxalq təşkilatlarda bu həmrəyliyin gücünü göstərmək üçün tarixi xidmətlərə imza atmışdır. Ötən əsrin sonlarında Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində işğalçı tərəfindən blokadaya alınan Naxçıvanı Türkiyə ilə birləşdirən «Ümid» körpüsünün istifadəyə verilməsi ilə bağlı sevinclərini «Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır» ifadəsi ilə bildirən qardaşlar buna da inanırdılar ki, bu yol iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi əməkdaşlığın əbədiyyət rəmzi olacaq. Türkiyə-Azərbaycan dostluğunun sonrakı illərdə bütün sahələr üzrə genişlənən coğrafiyası bu əminliyi təsdiqlədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəliklə dəfələrlə Azərbaycanda olması, Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, böyük tarixi əhəmiyyətə malik «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması «El bir olsa, dağ oynadar yerindən», «Bir əlin nəyi var, iki əlin səsi var» el deyimlərinin təsdiqi kimi yaddaşlarda iz saldı. Bu vəsiyyətə sadiqliyin nümunəsi olan Şuşa Bəyannaməsində 100 il bundan əvvəl güneyli, quzeyli qardaşları ayırmış Qars müqaviləsinə istinad olunması, Zəngəzur dəhlizinin bərpası ilə bağlı göstərilən qətiyyət dövlətlərarası iş birliyinin gələcək istiqamətlərini əks etdirən «yaşıl işıqdır». Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsində qeyd olunan «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər» bəndi turançılığa açılan daha bir qapı, həmrəylik yoludur. Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın regionda yaratdığı reallıqlara, geosiyasi vəziyyətin tənzimlənməsinə töhfədir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması o deməkdir ki, bütün türk dünyası bu qardaşlığın ayrılmaz parçasıdır. Zəngəzur dəhlizinin bərpasını Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni ortaq körpü adlandırılması, müdafiə sənayesi, nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin daha geniş platformada inkişafı ilə bağlı bəndlərin reallaşması birgə qətiyyətin nəticəsidir. Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi mərasimlərində hər ik dövlət başçısının birgə iştirakı strateji müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrin daha bir nümunəsidir. Prezident İlham Əliyevin «Zəngəzur dəhlizi mütləq olmalıdır, Ermənistan istəsə də, istəməsə də», Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözlərinə əminliyin ifadəsidir. Bu qətiyyətin təməlində münasibətlərə sadiqlik, firavan gələcək istəkləri dayanır. Bu istəklər hər iki xalqın mənəvi sərvəti sayılmaqla, dünyada Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı ölkələrin olmadığı həqiqətinin təcəssümüdür.

Rayon Ağsaqqallar şurasının sədri-Rasim Hüseynov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki