FÜZULİ ŞƏHƏRİNİN ƏVVƏLKİ ƏZƏMƏTİ GERİ QAYTARILACAQ!
Azərbaycan tarixində qızıl hərflərlə yazılmış günlərdən biri də 17 oktyabrdır. Bu tarix işğaldan azad edilmiş Füzuli şəhərinin günü kimi qeyd olunur. Füzuli təkcə bir şəhərin adı deyil, Vətən müharibəsində zəfərə gedən yolun başlanğıcı və uğurlu davamı, Ordumuzun rəşadətinin, xalqımızın iradəsinin simvoludur. Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Cənab Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində ordumuz strateji üstünlüklər qazandı. Məhz uğurlu Füzuli əməliyyatı ilə həm də Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edildi.Xüsusi vurğulamaq lazımdır ki, Füzuli uğrunda savaş ən ağır döyüşlərdən idi. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkirdi. Belə ki, ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bunu xarici hərbi ekspertlər də mükəmməl taktiki hücum hesab edirdilər. Belə ki, 30 il ərzində düşmən cəbhənin bu istiqamətində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxları Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməklə düşməni darmadağın etdi.
Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulmuş, 1930-cu ildə Qaryagin adı ilə rayon kimi formalaşmış, 1959-cu ildən isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adı ilə şərəfləndirilmişdir. Bu diyar tarixən həm elm, həm də mədəniyyət mərkəzlərindən biri olub. Füzuli rayonu əsrlər boyu tarixi-dini abidələri ilə tanınıb. XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, XIV əsrin Mirəli türbəsi, qədim qəbiristanlıqlar və XIX əsrin Cəlil türbəsi bu diyarın zəngin irsindən xəbər verir. Təəssüf ki, 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı bu abidələrin əksəriyyəti dağıdılmış, məhv edilmiş, xalqın mənəvi yaddaşına ağır zərbə vurulmuşdur. İşğal illərində Füzulidən yüzlərlə şəhid, əlil, əsir və itkinlər verildi. Əhalisi köçkün düşdü, şəhər tamamilə yerlə-yeksan edildi. Azərbaycan Ordusu 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini və bir sıra kəndləri azad etməklə müharibənin taleyini dəyişdi. Füzulinin azadlığı uğrunda döyüşən 25 mindən artıq hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu. Bu medal təkcə şərəf nişanı deyil, həm də qəhrəmanlıq tariximizin parlaq yadigarıdır. Azadlıqdan sonra Füzuli başqa bir çətinliklə – mina bəlası ilə üz-üzə qaldı. Ən çox minalanmış rayonlardan olan Füzulidə yüz mindən artıq mina basdırıldığı müəyyən olunub. Bu, erməni vandalizminin növbəti sübutudur. Bununla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində artıq Füzuli yeni həyata qovuşur.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev