Əsas prinsip sosial ədalət prinsipidir.
Sosial ədalət cəmiyyətin əsas göstəricisidir. Hansı cəmiyyətdə sosial ədalət mövcudursa, o cəmiyyətdə insan amilinə diqqət və qayğı da böyükdür. Əlbəttə ki, sivil bir dünyada yaşamış olsaq da, sosial ədalət prinsipinə bir çox ölkələrdə əməl olunmur və dünyanın bir qismi üçün bu əlçatmazdır. Demokratik dəyərlərə malik, mütərəqqi dövlətlərdə buna təsadüf olunur. Təbii ki, Azərbaycanda mövcud olan sosial ədalət dünya üçün bir modeldir. Sosial ədalətin təmin edilməsi prioritet məsələlərdən biridir. Ölkəmizdə sosial ədalətin təminatı istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət, insan amilinə verilən yüksək dəyər sosial ədalətdən qaynaqlanır.
Noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən ölkə başçımız qeyd etdi ki, əfsuslar olsun bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.
Dövlət başçısı cənab İlham Əliyevin siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Təbii ki, bütün bunlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev






















