image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-eks-hemlejpg-1664229023

Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları

image-legitimaz-810x90

Ermənistanın ordu hissələri Azərbaycanın ərazilərinə hücumlar edirdi, Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı.  2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqeləri və təmas xətti boyunca yerləşmiş yaşayış məntəqələrinə daha geniş miqyasda hücum etdi. Düşmən iriçaplı silahlardan, minaatanlardan, müxtəlif çaplı artilleriya qurğularından intensiv atəş aparırdı.  Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində ölənlər və yaralananlar oldu. Müharibənin ilk günü “Ohanyan səddi”ni darmadağın edən Azərbaycan ordusunun hissələri döyüşə-döyüşə mövqe qələbələri qazandı. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu əməliyyat bütün cəbhəni əhatə edirdi. Hücum əməliyyatının ilk saatlarında ordu hissələrimiz tank bölmələrinin, raket-artilleriya qoşunlarının bölmələrinin, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikasını məhv etdi. Əks-hücum əməliyyatı üç istiqamətdən – Ağdam-Tərtər, Murovdağ və Füzuli-Cəbrayıl istiqamətlərindən həyata keçirildi. Müharibənin ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsiləsində Murov zirvəsi erməni işğalından azad edildi. Murov zirvəsinin azad edilməsi ilə Ağdərə-Vardenis avtomobil yolu Azərbaycan Ordusu hissələrinin nəzarəti altına keçdi. Döyüşlərin ilk günündən həm pilotsuz uçuş aparatları ilə, həm də raket-artilleriya qüvvələri ilə bölgədə yerləşdirilmiş erməni hava hücumundan müdafiə vasitələri və radio-elektron mübarizə vasitələri məhv edilirdi. Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirdiyi hava hücumundan müdafiə qüvvələrinə məxsus hərbi texnikanın yarıdan çoxu məhv edildi, ordumuz hava məkanında üstünlük qazandı.

Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qələbələri ordumuzun tam qələbəsinin başlanğıcı bilirdi: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz Zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”. Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında yaralılarla görüşündə dövlətimizin başçısı bildirdi ki, “Azərbaycan öz torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında ölür”. Bu kəlamlar dövlətlə dövlətin, ordu ilə ordunun, əsgərlə əsgərin müqayisəsi fonunda bir gerçəkliyin ifadəsi oldu, dünya dövlətləri bu kəlamın gerçəkliyini etiraf etdilər. Ordumuz döyüşə-döyüşə Şuşaya yaxınlaşırdı. Sonralar müharibə iştirakçıları xatırlayırdı ki, bütün döyüşçülər Şuşa uğrunda gedəcək döyüşlərdə iştirak etmək niyyətində idi. Hətta bu döyüşün iştirakçısı olmaq məqsədi ilə yaralandığını gizlətmək istəyənlər də çox olub. Azərbaycan Ordusu Şuşa uğrunda döyüşlərdə də möhtəşəm qələbə qazandı. Bu qələbə dünyanı heyrətləndirdi. “Nezavisimaya Qazeta”da dərc edilən bir məqalə də bu baxımdan tarixdir: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Bu məqalə dünya müharibələr tarixinin bəlkə də ən nadir təsvirlərindən biridir.

 

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki