Ermənistan və Fransa regionda sabitliyi pozmaqda davam edir.
Bu dəfə məsələ bölgənin ekoloji təhlükəsizliyinə ciddi təhdidlər ilə bağlıdır. Belə ki, Fransanın dövlətə məxsus “Orano” nüvə şirkəti vasitəsilə uran tərkibli radioaktiv tullantılar Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə yerləşdirilir. Azərbaycan mətbuatının məlumatına görə, “Environmental Protection First” Koalisiyası bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanır ki, tullantıların ilk hissəsi artıq Dilican Milli Parkına gətirilib. Göyçə gölünün şimalında yerləşən bu park tam olaraq Ağstafa çayının su hövzəsində, 1100–2800 metr yüksəklikdə yerləşir və burada yaranan su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğundan, bu vəziyyət Azərbaycanın su ehtiyatlarına və biomüxtəlifliyinə ciddi təhdid yaradır. Nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını xeyli artırır. Fransız mediasının məlumatına əsasən, bu addım fevral ayında Emmanuel Makron və Nikol Paşinyan arasında razılaşdırılıb, daha sonra Paşinyanın həyat yoldaşının fonduna şübhəli ianələr daxil olub.
Belə təhlükəli və qeyri-şəffaf addımlar təkcə ekoloji mühitə deyil, həm də bütün regionun sabitliyinə ciddi zərbə vurur və buna beynəlxalq səviyyədə prinsipial reaksiya verilməlidir. Ekoloji terrorun istənilən forması yolverilməzdir və bu kimi hallar beynəlxalq hüququn, xüsusilə də ətraf mühitin mühafizəsinə dair qəbul olunmuş konvensiyaların kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.