image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-615202004_1433033764843064_8677707109953070052_n

Ermənistan dövləti su terroru həyata keçirirdi

image-legitimaz-810x90

Ermənistan dövləti su terroru həyata keçirirdi

Su ehtiyatları müasir dünyada strateji resurs hesab olunur və onların idarə olunması bir çox hallarda milli təhlükəsizlik məsələsinə çevrilir. Azərbaycan da uzun illər bu problemin ağır nəticələri ilə üzləşmiş ölkələrdən biri olub. Xüsusilə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə su resurslarından təzyiq və silah vasitəsi kimi istifadə etməsi regionda ciddi humanitar, ekoloji və iqtisadi fəsadlara yol açmışdır. Bu siyasət beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, açıq şəkildə “su terroru” xarakteri daşıyırdı. İşğal illərində Ermənistanın nəzarətində olan “Sərsəng” və “Suqovuşan” su anbarları Azərbaycanın cəbhəyanı və aran rayonları üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Bu su anbarlarının sularının məqsədli şəkildə idarə olunması nəticəsində yay aylarında suyun kəsilməsi kənd təsərrüfatına ağır zərbələr vurur, minlərlə hektar əkin sahəsi susuz qalırdı. Qış aylarında isə suyun normadan artıq buraxılması böyük daşqınlara səbəb olur, yaşayış məntəqələri, infrastruktur və əkin sahələri zərər görürdü. Beləliklə, Ermənistan su ehtiyatlarından açıq-aşkar siyasi və hərbi alət kimi istifadə edirdi. Bu vəziyyət uzun illər Azərbaycanın iqtisadi inkişafına və regionların sosial rifahına mənfi təsir göstərmişdir. Beynəlxalq təşkilatların bəzi hesabatlarında bu faktlar öz əksini tapsa da, işğal faktoru aradan qaldırılmadan problemin köklü həlli mümkün deyildi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər isə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, eyni zamanda su təhlükəsizliyi məsələsində də yeni mərhələnin başlanğıcı oldu. Azad edilmiş ərazilərdə bu gün genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu prosesin ən mühüm istiqamətlərindən biri məhz su təsərrüfatının bərpası və inkişafıdır. Son beş il ərzində bir sıra strateji əhəmiyyətli layihələr uğurla icra edilmiş, işğal dövründə dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı şəkildə yenidən qurulmuşdur. Bu layihələr arasında xüsusi olaraq “Sərsəng” su anbarını qeyd etmək lazımdır. Bu su anbarı təkcə azad edilmiş ərazilər üçün deyil, ümumilikdə Azərbaycan üçün ən iri su ehtiyatlarından biridir. Uzun illər baxımsız vəziyyətdə qalan və təhlükə mənbəyinə çevrilən “Sərsəng” bu gün tamamilə yenidən qurularaq müasir tələblərə cavab verən strateji obyektə çevrilmişdir. Eyni zamanda “Suqovuşan” su anbarı da əsaslı şəkildə bərpa olunaraq istismara verilib və artıq regionun su təminatında mühüm rol oynayır.

Azad edilmiş digər ərazilərdə də bu istiqamətdə mühüm addımlar atılmışdır. Füzuli rayonunda “Köndələnçay” üzərində yerləşən üç su anbarı yenidən qurulmuş, Ağdam rayonunda “Xaçınçay” su anbarı bərpa edilərək istifadəyə verilmişdir. Laçın rayonunda isə tamamilə yenidən inşa olunmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Bu layihələr həm əhalinin içməli suya olan tələbatının ödənilməsinə, həm də kənd təsərrüfatının dirçəldilməsinə mühüm töhfə verir.

Gələcək planlar da olduqca genişmiqyaslıdır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi nəzərdə tutulur. Artıq bu layihələr üzrə hazırlıq işləri aparılır və yaxın dövrdə praktik mərhələyə keçilməsi planlaşdırılır. Bu anbarların istifadəyə verilməsi regionun su balansını tamamilə dəyişəcək, həm əkin sahələrinin suvarılması, həm də yeni yaşayış məntəqələrinin təminatı baxımından böyük imkanlar yaradacaq.

Bütün bu layihələr göstərir ki, Azərbaycan su terrorunun nəticələrini aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda davamlı və təhlükəsiz su idarəçiliyi sistemi formalaşdırır. Bu, həm ekoloji tarazlığın qorunmasına, həm də sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət edir. Su artıq təzyiq vasitəsi deyil, inkişaf və əməkdaşlıq resursuna çevrilir.

Bu gün Azərbaycan azad edilmiş ərazilərdə müasir, dayanıqlı və ədalətli su təsərrüfatı sistemi quraraq yeni reallıq yaradır. Bu reallıq həm regionun gələcəyi, həm də ölkənin strateji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki